Təhsil işçilərinin vaksinasiyası və ehtiyatla 15 sentyabra doğru

Cəmiyyət

27.08.2021 - 23:11

Həkimlər Klinikalar SEO Xidməti

Cəsarət Valehov: “Əks göstəriş sertifikatı təqdim edənlər ciddi yoxlanışdan keçəcəklər”

 

Qoşqar Məhərrəmov: “Həmin təhsil işçiləri bir çox şagirdlər üçün təhlükə mənbəyidir”

 

Ölkəmizdə vaksinasiya prosesi davam etdirilir. Yüzminlərlə vətəndaş prosesdə iştirak edir. Lakin elə insanlar var ki, sağlamlıqlarına görə vaksin olunmaları həkimlər tərəfindən məsələhət görülmür. Bu halda həmin insanlara əks göstəriş sertifikatı verilir.

 

Elə Təhsil Nazirliyinin əməkdaşları arasında da bu sertifikatı əldə edənlər var. Özü də onların sayı heç də az deyil. Söhbət 34 mindən çox təhsil işçisindən gedir.

Cəsarət Valehov: “Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada  başlayacağıq”

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AYNA-ya açıqlamasında deyib ki, ümumi təhsil müəssisələrində çalışan iki yüz mindən artıq şəxsdən 140 min nəfərə yaxınına artıq ikinci doza peyvənd vurulub.

 

Görünən budur ki, kifayət qədər təhsil işçisi vaksinasiyadan keçib. Maraqlı məqam isə avqustun 9-dan sonra peyvəndə qarşı əks göstəriş sertifikatlarının verilməsindən sonra yaranıb. Belə ki, 34 mindən çox təhsil işçisi COVID-19 əleyhinə vaksinə qarşı əks göstərişlə bağlı arayış təqdim edib.

 

C.Valehov təhsil işçilərinə müraciət edib: “Hörmətli təhsil işçilərimizdən xahişim ondan ibarətdir ki, Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə qərarına uyğun olaraq peyvəndləmə ilə bağlı əks göstəriş setifikatlarını təqdim etsinlər. Xəstə olan, bu və ya digər səbəbdən müraciət edən şəxslər həmin sertifikatı təqdim edərkən ciddi olaraq yoxlanışdan keçəcəklər ki, hansı fəsadlardır və həmin fəsadlar doğurdanmı peyvəndlənməyə qarşı əksdir”.

 

Onu da deyək ki, əks göstərişləri peyvəndlə bağlı olmayanlar da sertifikat almağa çalışırlar. Bilərəkdən, ya bilməyərəkdən... Həmin insanlar peyvəddən yayınmaq üçün bu cür bəhanələr axtarmağa çalışırlar.

Təhsil eskperti Qoşqar Məhərrəmov AYNA-ya şərhində bu cür halların baş verəcəyini elə əvvəldən təxmin etdiyini qeyd edib: “Çünki biz peyvəndlənmə məsələsində bu cür halları müşahidə etdik. Peyvəndlənmə prosesində belə, yüzlərlə insanın pulla COVID-19 pasportunu əldə etmələrini eşitdik. Ətrafımızda onlarla insan bu cür yolla COVID-19 pasportunu əldə etdiklərini deyir. Bu cür hallar peyvəndlənmə prosesində baş verdisə, əks göstəriş sertifikatlarında da bu cür halların baş verməsi gözlənilən idi. Ona görə də həmin insanlar təhsil üçün vaksinasiya olunmadılar, hansısa problemlərinin olduğunu və bunun əks göstəriş olduğunu qeyd edirlər”.

 

Mütəxəssis həmin insanların bir məqamı da nəzərə almalarını vacib sayır: “Həmin təhsil işçiləri nəzərə almalıdırlar ki, onlar bir çox şagirdlər üçün təhlükə mənbəyidirlər. Onlar vaksin olunmadıqları üçün xəstəliyi yayan bir faktor halına gələ biləcəklər. Bu da bir reallıqdır”.

 

Xatırladaq ki, epidemioloji vəziyyət imkan verərsə, senytabrın 15-dən ənənəvi təhsilə qayıtmaq mümkün olacaq. Unutmayaq ki, ənənvi təhsilə gedən yol da vaksinasiyadan keçir. Amma həqiqi vaksinasiyadan...

Müəllif: Ülviyyə Şahin