Təbii fəlakət, texniki nasazlıq, yoxsa sui-qəsd?

Dünya

20.05.2024 - 11:36

Ekspert: “SEPAH-ın təhdidi boşboğazlıq və gülüncdür”

İran Prezidenti Seyid İbrahim Rəisinin həlak olduğu rəsmən təsdiqlənib. İran Qızıl Aypara Cəmiyyətinin yaydığı məlumatda qeyd edilib ki, Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb. Qəza nəticəsində İran Prezidenti İbrahim Rəisinin helikopterində olan bütün sərnişinlər həlak olub. Cəmiyyətin rəhbəri Pir Hüseyn Kolivənd deyib ki, qəza yerinə çatan xilasedicilər heç bir canlı insan izi aşkar etməyiblər.

Rəisidən başqa helikopterdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Seyid Məhəmməd Əli Haşimi də olub.

Xatırladaq ki, helikopterin qəzaya uğradığı yer bir neçə saat tapıla bilməyib. Axtarış işləri pis hava şəraiti və çətin relyefə görə çətinləşib. Türkiyənin “Akıncı” pilotsuz uçan aparatının köməyi ilə qəza yerini tapmaq mümkün olub.

İlkin məlumata görə, helikopter qatı duman və elektron nasazlıq səbəbindən idarəetməni itirib, dağın yamacına düşüb və alovlanıb. Pilot səhvi və təxribat versiyaları da mövcuddur.

Qeyd edək ki, Rəisinin helikopteri mayın 19-da günorta saatlarında İran lideri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşdən sonra Şərqi Azərbaycan əyalətinə sərt eniş edərək yerə düşüb. Mayın 20-nə keçən gecə İranın icra işləri üzrə vitse-prezidenti Möhsün Mənsuri qəzaya uğrayan helikopterdəki insanlarla bir neçə dəfə əlaqə saxlamağın mümkün olmadığını bildirib.

Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı bir çox versiya irəli sürülür. İlkin versiya qəzanın helikopterin nasaz və əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi olsa da, İranda bəzi qüvvələr bunu sui-qəsd, kənar müdaxilə nəticəsində qətl kimi qiymətləndirirlər. Məsələn, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hesab edir ki, bu, İran liderinin məqsədli qətlidir. SEPAH-a məxsus “Telegram” kanalında bəyan edilib ki, “qisas alınacaq”. Bu qisasın kimdən alınacağı isə açıqlanmayıb.

Helikopter qəzası və bunun ətrafındakı versiyalar, SEPAH-ın bəyanatı ilə bağlı AYNA-nın suallarını cavablandıran hərbi və təhlükəsizlik məsələləri üzrə ekspert Ədalət Verdiyev deyib ki, bu qəza, əlbəttə, faciədir:

- Axtarış-xilasetmə əməliyyatları ilə bağlı Azərbaycan tərəfi də öz köməyini təklif etdi. Amma artıq hər şey aydındır, İran Prezidenti, xarici işlər naziri və digər heyət üzvləri həlak olublar. Axtarış tədbirlərinə son nöqtəni qoyan Türkiyənin “Akıncı”sı oldu. Bunu xüsusilə qeyd etmək lazımdır. İran öz imkanları ilə axtarışlardan heç bir nəticə əldə edə bilmədi.

Hava şəraitinin helikopterin qəzaya uğramasına səbəb olduğu versiyası daha ağlabatandır. Amma digər versiyalar da istisna edilə bilməz. İşin texniki tərəfləri də önəmlidir. Statistikaya baxsaq, son 20 ildə İranda baş verən təyyarə qəzalarında ölənlərin sayı dünyada baş verən hadisələrdə ölənlərin sayından beş dəfə yüksəkdir. İkincisi, hər il İranda 100-ə yaxın insan aviaqəzalarda həlak olur. Digər tərəfdən, İranın aviasiya parkı dünya üzrə orta statistik göstəricilərdən üç dəfə daha köhnədir. İran uzun illərdir sanksiyalar altında olduğuna görə aviasiya parkını yeniləyə bilmir, yeni texnika, aviasiyaya aid cihazlar, hissələr ala bilmir. İrandakı avianəqliyyatın hər üçündən yalnız biri havaya qalxa bilir. Havaya qalxan aviamaşınların da böyük riskləri var. Çünki dediyim kimi, əksəriyyəti köhnədir. Məsələn, bir helikopterin vəziyyətinə baxırlar, nasazlıq varsa, digər köhnənin avadanlığı vasitəsilə həmin nasaz helikopteri təmir edirlər. Amma bu, əsaslı təmir olmur. Bir növ “ölüxana” variantından istifadə edilir. “Aviasiya hanniabalizmi” deyilən variantı ilə bir-iki avianəqliyyat vasitəsini parçalayıb digərini təmir edirlər. Bu isə risklərə gətirib çıxarır.

- Demək istəyirsiniz ki, qəzanın səbəbi helikopterin texniki nasazlığıdır?

- Böyük ehtimalla, İran Prezidentinin uçduğu helikopter də yeni olmayıb. Bəlkə də, istismar müddətini də başa çatdırmış texnika idi. Ona görə də təyyarənin nasazlıqdan qəzaya uğraması ehtimalı daha çoxdur. Hava şəraitinin də əlverişsiz olması səbəbi mümkündür. Amma pilotun peşəkar olmaması ehtimalı azdır. Ən azından dövlət başçısının sərnişini olduğu helikopteri idarə edən pilot sıradan pilot ola bilməz. Prezidentin uçduğu helikopterin idarəçiliyinə zəif pilotun təyini mümkün deyil. Helikopterin köhnə, aviaqəzaların İranda çox olması texniki nasazlıq ehtimalını gücləndirir. Nəzərə alsaq ki, İran aviaqəzalardan ən çox əziyyət çəkən ölkədir, baş verən bu qəza sensasiya sayılmamalıdır. Hər halda bu qəza ilə bağlı araşdırmalar aparılacaq, “qara qutu” oxunacaq və bir çox məsələlər gün üzünə çıxacaq. Amma mən texniki nasazlıqdan baş verən qəza versiyasına daha çox inanıram.

- İran mediasında, SEPAH-a yaxın “Telegram” kanallarında bunu İrana qarşı təcavüz, məqsədli qətl kimi də qiymətləndirirlər və bəyan edirlər ki, qisas olacaq. Düzdür, kimdən qisas alınacağı bildirilmir, amma SEPAH kanallarında bu vurğulanır...

- Prezidentin, nazirin, ayətullahın olduğu helikopter qəzaya uğrayır, saatlarla onun yerini müəyyənləşdirə bilmirlər. Sonda da Türkiyə istehsalı olan “Akıncı” qəza yerini müəyyənləşdirir və heyət üzvlərinin həlak olduğu aydınlaşır. Belə bir ölkənin hərbçiləri hansı qisasdan danışırlar?! Boşboğazlıq etməkdən başqa işləri yoxdur. Səhvlərindən nəticə çıxarsınlar, aviaparklarını yeniləsinlər, helikopterlərini təmir etdirsinlər. Düşünürəm ki, SEPAH kimi qurumlar öz günahlarını başqalarında axtarmağa cəhd edirlər. Səbəb də odur ki, Prezidentin təhlükəsizliyinə məhz SEPAH cavabdehdir. İndi günahkar olmamaq üçün kənarda günahkar axtarmağa başlayırlar. Helikopterə kənar müdaxilənin olması ilə bağlı niyə bircə fakt qoya bilmirlər? Boşboğazlıq etmək mənasızdır. Baş verən faciədən doğru nəticələr çıxarmalıdırlar. Həqiqi günahkarları cəzalandırmalıdırlar ki, bu günahkarların da yaşadıqları ərazi İrandır. Düşünürəm ki, bu qəzaya heç bir kənar müdaxilə olmayıb.

- Sui-qəsd ehtimalını gözardı etmək olar?

- Əlbəttə ki, heç bir versiyanı gözardı etmək olmaz. Amma dərindən təhlil edəndə aydın olur ki, burada texniki nasazlıqdan yaranan qəza baş verib. Bunun da səbəblərini qeyd etdim. Təsəvvür edin ki, havaya üç helikopter qalxır və kimin hansı helikopterdə olduğu bilinmir. İkincisi, kənar müdaxilə və sui-qəsd bəyanatı verən qurum ortaya fakt qoymalıdır. Ukraynaya məxsus mülki təyyarəni İran raketlə vurmuşdu. Açıqlamışdılar ki, hərbi təyyarə olduğunu güman ediblər. İndi mülki təyyarəni hərbi təyyarədən seçə bilməyənlər Rəisinin də həlak olduğu qəzanı sui-qəsd adlandırmağa can atır və qisasdan danışırlar.

Bəli, hadisə özlüyündə faciədir – bu, öz yerində. Amma bu, həm də bir ölkənin qüruru məsələsidir. Ölkənin prezidentinin olduğu helikopterin qəzaya uğraması, onun harada qəzaya uğradığının saatlarla müəyyənləşdirilə bilinməməsi, xaricdən kömək istənilməsi və sonda xarici ölkənin texnikasının hadisə yerini tapması bir dövlət üçün gülüncdür. Xarici müdaxilə nəticəsində qəza olmayıb, xarici müdaxilə nəticəsində qəzaya uğrayan dövlət rəhbərliyinin yeri müəyyənləşib. Qisas bəyanatı verənlər bu fakta baxsınlar, ölçüb-biçsinlər, öz səhvlərindən nəticə çıxarsınlar.

Burada günah ilk növbədə Prezidentin təhlükəsizliyini qoruyan quruma aiddir. Çünki əlverişsiz hava şəraitində Prezidentin helikopterinin havaya qalxmasına icazə verilməməli idi. İkincisi, burada hava komponentindən çox helikopterin texniki vəziyyətinə baxmaq lazımdır. Çünki digər iki helikopter hava şəraitinin pis olması səbəbindən təyinat məntəqəsinə sağ-salamat endirilib. Deməli, burada əsas problem helikopterin texniki nasazlığı olub.

- Belə iddialar var ki, Prezidentin həlak olduğu helikopter qəzası İranda daxili siyasi savaşın nəticəsidir. Ehtimal olunur ki, Rəisi Xameneyidən sonra İranın Ali Dini Lideri postuna düşünülürmüş və bunu istəməyən qüvvələr qəzada rol oynaya bilərlər...

- Mən bunu deyə bilmərəm. Bu, bir qədər siyasi məsələdir və İran daxili siyasətini bilənlər daha yaxşı şərh edə bilərlər. Hər halda məsələ araşdırılmalı, ciddi şəkildə araşdırmalar aparılmalı və qəzanın səbəbləri şəffaf şəkildə dünyaya açıqlanmalıdır. Təbii, ola bilər ki, Prezidentin uçduğu helikopter məqsədli şəkildə texniki nasaz helikopter seçilib. Bunu İran hüquq-mühafizə orqanları araşdırıb üzə çıxarmalıdır. Əgər doğrudan da bu iddialar doğrudursa, o zaman yenə də bu hadisə xarici müdaxilə nəticəsində baş verməyib.

Müəllif: Anar Bayramoğlu