Tayvan ətrafında gərginlik: Çin adaya hərbi təzyiqi gücləndirir, ABŞ isə...

Dünya

09.04.2023 - 11:29

“ABŞ və Çin arasında kommunikasiya kanalları açıq qalır və Vaşinqton daim təmkinli olmağa, status-kvonun qorunmasına çağırır”

Bu gün Çin Tayvan ətrafında hərbi təlimlərin ikinci gününə başlayıb. Adanın müdafiə nazirliyi çoxsaylı hava qüvvələrinin döyüş əməliyyatları haqqında məlumat verib və Çinin raket qüvvələrinin hərəkətini izlədiyini açıqlayıb. ABŞ da Pekinin hərəkətlərini izlədiyini bəyan edib.

“Reuters”in yazdığına görə, Tayvanı öz ərazisi hesab edən Çin, Tayvan Prezidenti Tsai İnven ABŞ-dan qayıtdıqdan bir gün sonra, şənbə günü adanın ətrafında üç günlük hərbi təlimə başlayıb.

Şənbə günü keçirilən təlimlərin əksəriyyəti günün sonunda başa çatsa da, Tayvan Müdafiə Nazirliyi təlimlərin bazar günü davam etdirildiyini bildirib. Adanın hərbçiləri Su-30 və J-11 qırıcıları, eləcə də gəmilər də daxil olmaqla bir neçə təyyarənin təlimlərə qoşulduğunu müşahidə edib.

"Çin raket qüvvələrinin hərəkətinə gəldikdə, milli silahlı qüvvələr də birgə kəşfiyyat və müşahidə sistemi vasitəsilə yaxından nəzarətə malikdir. Eyni zamanda, hava hücumundan müdafiə qüvvələrimiz yüksək hazırlıq vəziyyətindədir", - Tayvan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

ABŞ-ın Tayvandakı de-fakto səfirliyi bazar günü bildirib ki, Birləşmiş Ştatlar Çinin Tayvan ətrafındakı təlimlərini diqqətlə izləyir və sülh və sabitliyi təmin etmək üçün regional səviyyədə kifayət qədər resurs və imkanlara malik olduğuna əmindir.

“ABŞ-ın Çinlə əlaqə kanalları açıq olaraq qalır və Birləşmiş Ştatlar ardıcıl olaraq təmkinli olmağa və dəyişməz status-kvoya çağırıb”, - deyə rəsmi diplomatik münasibətlərin olmadığı bir şəraitdə səfirlik kimi fəaliyyət göstərən Tayvandakı Amerika İnstitutunun sözçüsü bildirib.

Qeyd edək ki, 1979-cu ildə Vaşinqton Pekinin xeyrinə Taypey ilə diplomatik münasibətləri kəsib, lakin razılaşmaya görə, adada özünü müdafiə vasitələri ilə təmin etməlidir.

Adaya nəzarət etmək üçün güc tətbiq etməkdən heç vaxt çəkinməyən Çin bəyan edir ki, Tayvanın ABŞ-la münasibətləri Pekin üçün həssas məsələdir və bu mövzu çox vaxt gərginlik mənbəyidir.

“Reuters”in məlumatına görə, son üç il ərzində Çin Tayvana hərbi təzyiqini gücləndirib, müntəzəm olaraq Tayvan ətrafında uçuşlar həyata keçirib.

Tayvan Müdafiə Nazirliyi bu gün səhər açıqlayıb ki, son 24 saat ərzində Tayvan ətrafında 71 Çin Hərbi Hava Qüvvələri təyyarəsi və 9 Hərbi Dəniz Qüvvələri gəmisini müşahidə edib.

Nazirlik həmçinin Su-30 və J-11 təyyarələri də daxil olmaqla, bu təyyarələrin təxminən yarısının illərdir iki tərəf arasında qeyri-rəsmi sərhəd rolunu oynayan Tayvan boğazının median xəttini keçdiyini göstərən xəritə yayımlayıb.

Şənbə günü axşam saatlarında Sahil Mühafizəsinə nəzarət edən Tayvan Okean Məsələləri Şurası dəqiq yeri bildirməsə də, gəmilərindən birinin Çin döyüş gəmisini izlədiyini göstərən görüntüləri “YouTube” kanalında yerləşdirib.

Müəllif: Turan Abdulla