Tarixi rəqabətdən praqmatik siyasətə - Qapalı görüşün açıq şərhi

Siyasət

03.10.2021 - 12:21

Ərdoğan-Putin görüşü: regionun taleyini dəyişən anlaşma, yoxsa sıradan bir təmas?

Xəbər verdyimiz kimi, Soçidə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında təkbətək görüş olub. Görüş zamanı iki ölkə liderləri Suriya, Əfqanıstan, Cənubi Qafqaz, habelə digər diplomatik məsələləri müzakirə ediblər.

Azərbaycan Milli Məclisinin sabiq üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Türkiyə və Rusiya dünyanın aparıcı oyunçularındandır: “Baxmayaraq ki, ABŞ və Qərb Rusiyaya qarşı aqressiv siyasət yürüdür, NATO üzvü olmasına rəğmən, Türkiyə müstəqil siyasət yürüdür. Ərdoğan kifayət qədər cəsarətli və qətiyyətli siyasətçidir. Onun Putinlə hadisələrə baxışları fərqli olsa da, hər ikisi bir-birinə hörmətlə yanaşır. Bir il yarımlıq aradan sonra onların arasında keçirilən növbəti təkbətək görüş zamanı ciddi müzakirələrin olduğu qənaətindəyəm. Yəqin ki, Suriya, Əfqanıstan, Qarabağ və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu görüş regionda yeni nizamın yaranmasına gətirib çıxaracaq”.

Həmsöhbətimiz sözügedən görüşün nəticələrinin Azərbaycanda da maraqla izlənildiyini bildirib: “Çünki Türkiyə ilə qardaş ölkəyik. Rusiya isə qonşu dövlətdir. Hər ikisinin regiona ciddi təsir imkanları var. Dünyanın müxtəlif dövlətlərinə səpələnmiş erməni lobbisi hər vəchlə Türkiyə ilə Rusiyanın arasına girməyə çalışsa da, buna nail ola bilmədilər. Heç şübhəsiz, bu məsələdə üç dövlətin – Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin qətiyyətli mövqeyi əsas rol oynayır. Onların hansı məsələləri detallı müzakirə etdikləri geniş ictimaiyyətə məlum olmasa da, yəqin ki, Qarabağ məsələsi də diqqətdən kənarda qalmayıb. Türkiyənin iştirak etdiyi yerdə isə Azərbaycanın maraqlarının ön planda tutulduğuna şübhə yoxdur. Bu xüsusda görüş ölkəmizin də maraqlarına uyğundur”.

Görüşün Qarabağ münaqişəsinə təsirindən danışan İsmayılov xatırladıb ki, Azərbaycan güc yolu ilə öz torpaqlarını işğaldan azad edib: “44 günlük müharibə zamanı biz öz doğma torpaqlarımızı işğaldan azad etmişik. Yalnız müəyyən ərazilər qalıb ki, onların da azad edilməsi istiqamətində səylər ortadadır. Türkiyənin də dəstəyi ilə, biz bu mərhələni adladıq. Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər əsas zərbəni özləri alacaqlar. Hesab edirəm ki, yekunda Ermənistan geri addım atmağa məcbur olacaq. Qeyd etdiyim kimi, bu görüşdən də bizim gözləntilərimiz böyükdür”.

Politoloq Turab Rzayev isə AYNA-ya şərhində Rusiya ilə Türkiyə arasında dərin rəqabət olduğunu vurğulayıb: “Bu mənada münasibətlərin birmənalı olduğunu söyləmək olmaz. Diqqət yetirsək, görərik ki, Ərdoğanla Putinin bundan öncəki görüşü altı saat davam etmişdi. Son görüş isə 44 günlük Qarabağ müharibəsindən sonra onların arasında ilk canlı və konfidensial təmasdır. Sözsüz ki, bu görüş ölkəmizdə də maraqla qarşılanır. Güman ki, prezidentlər bir çox məsələləri müzakirə ediblər. Onların arasında Qarabağ probleminin də olduğunu söyləyə bilərik. Bütün hallarda hər iki dövlətin regiona ciddi təsir imkanları mövcuddur və bizim bu görüşdən böyük gözləntilərimiz var”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə Qərb ilə Rusiya arasında körpü rolunu oynayır: “Məlumdur ki, Çin sürətlə güclənir və dünyanın nəhəng dövlətinə çevrilir. Xüsusən iqtisadi baxımdan dünya gücləri rəqabətdə Çinə uduzur. Belə bir şəraitdə ABŞ, o cümlədən Qərb heç bir halda Çinin Rusiya ilə yaxınlaşmasına imkan vermək istəmir. Hətta deyərdim ki, Türkiyə yeganə NATO dövlətidir ki, Rusiya ilə rahat dil tapa bilir. Onların arasına girmək istəyən qüvvələr mövcud olsa da, hər iki lider balansı saxlaya, münasibətləri normallaşdıra bilir. Qənəatimə görə, Türkiyə Rusiyanı, mümkün olduğu qədər İranı da Qərb blokunda saxlamaq istəyir. Bu isə öz növbəsində kifayət qədər ciddi məqamdır”.

Rzayev əlavə edir ki, Türkiyənin Rusiya ilə yaxınlaşması Azərbaycanın da mənafeyinə cavab verir: “44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatsa da, 10 noyabr üçtərəfli bəyanatı ilə Rusiya sülhməramlıları əraziyə cəlb olunub. Digər yandan Türkiyənin də münaqişənin nizamlanmasında faktiki iştirakı mövcuddur. Əgər bu iki dövlət anlaşa bilirsə, heç şübhəsiz, bundan Azərbaycan da qazanır. Düşünürəm ki, bu görüşün ciddi nəticələri olacaq və yaxın gələcəkdə bunu müşahidə edəcəyik”.

Müəllif: Azər Niftiyev