Parlament seçkilərindən və seçkisonrası dövrdən nə gözlənilir?

Siyasət

02.01.2020 - 11:02

Elxan Şahinoğlu: “Milli təhlükəsizlik maraqlarımız onu diqtə edir ki, seçkiləri demokratik və şəffaf keçirilsin”

 

Məlum olduğu kimi, 2020-ci ilin 9 fevralında 6-cı çağırış parlamentə növbədənkənar seçkilər keçiriləcək. Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) da daxil olmaqla, bir çox siyasi partiyalar seçkidə iştirak edəcək namizədlərin siyahısını ictiamiyyətə açıqlayıb. Lakin seçkiyə az vaxt qalmasına baxmayaraq, bir sıra qaranlıq və cəmiyyətdə birmənalı qarşılanmayan məqamlar var.

 

AYNA əməkdaşı seçki prosesi və seçkidən sonra cərəyan edəcək siyasi hadislərin gedişatı ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzənin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə həmsöhbət olub.

 

- Elxan bəy, seçkilərə az zaman qalıb. Yəqin ki, seçki prosesi və postseçki dövrü ilə bağlı indidən müəyyən təəssüratlarınız var...

 

- Əslində, parlament seçkilərindən elə də böyük gözləntilərim yoxdur. Əlbəttə, hər kəs istəyir ki, yeni parlamentin tərkibi keyfiyyət baxımından köhnə parlamentin tərkibindən fərqli olsun. Çünki bütün ölkə əhalisi parlamentin fəaliyyətindən narazı idi. Məhz Prezident də parlamentin fəaliyyətindən narazı qaldığına görə, erkən seçkilər təyin etdi. Lakin buna baxmayaraq, yeni parlamentdən də gözləntilərim çox deyil. Doğrudur, yeni tərkibdə müəyyən qədər dəyişiklik baş verib. Amma çox təəssüf edirəm ki, parlamentdə susan deputatların əksəriyyəti namizədliyini yenidən irəli sürüb. Belə olan halda isə bir sual ortaya çıxır: əgər həmin şəxslər yarıtmaz fəaliyyət baxımından özlərini buraxmışdılarsa, nə üçün namizədliklərini yenidən irəli sürüblər? Əlbəttə ki, parlamentdə fəal millət vəkilləri də var, mən onları nəzərdə tutmuram. Amma elə deputatlar var ki, ard-arda 20 il deputat seçilir, amma bir dəfə də olsun, onun çıxış etdiyini heç kim görmür. Yaxud, heç vaxt seçiciləri ilə görüşüb, onlarla maraqlanmır. Həmin şəxslər namizədliklərini yenidən irəli sürüblər. Bu isə, cəmiyyətdə böyük suallar meydana gətirir.

Mərahim Nəsib