Tacik miqrantlar Rusiyadan kütləvi şəkildə qovulurlar: “Moskvada vəziyyət pisdir”

Dünya

28.03.2024 - 12:16

“Sənədləri olmayanların evdən çıxmaması daha yaxşıdır. Yoxlama çox sərtdir”

Moskvadakı “Crocus City Hall”a terror hücumundan sonra Rusiya şəhərlərində miqrantlara qarşı reydlər intensivləşib. Moskva polisi yataqxanalarda reydlərə başlayıb. Təhlükəsizlik qüvvələri Moskva yaxınlığındakı Elektrostaldakı “Wildberries” anbarına da basqın ediblər. Beş minə yaxın işçi nəzarətə götürülüb, ən azı qırx nəfər saxlanılıb.

AYNA-nın xəbərinə görə, “Telegram” kanallarında və “Vkontakte”dəki tacik qruplarında yazırlar ki, Moskva Mərkəzi Asiyadan olan mühacirlərə qarşı yoxlamaları gücləndirib.

“Sənədləri olmayanların evdən çıxmaması daha yaxşıdır. Mən özüm bu gün Moskvada idim. Məni dayandırdılar. Yoxlama çox sərtdir”, - tacik sosial şəbəkə istifadıçilərindən biri yazıb.

“Moskvada vəziyyət pisdir. Mən buradakı insanlara bir daha evi tərk etməməyi tövsiyə edirəm”, - deyə “Gazeta.ru”ya danışan başqa bir Tacikistan vətəndaşı bildirib.

Tacik diasporunun nümayəndələri terror aktında ittiham olunanların həbsi fonunda öz həmvətənlərinin kütləvi surətdə qovulmasını gözləyirlər.

Xatırladaq ki, “Crocus City Hall”a hücumla bağlı saxlanılan 8 nəfərdən 7-nin Tacikistan vətəndaşı olduğu üzə çıxıb. FSB-nin məlumatına görə, cinayəti birbaşa törədənlər Dalerjon Mirzoev (32 yaş), Raçabalizoda Saidakrami Murodali (30 yaş), Şəmsidin Fəriduni (25 yaş) və Məhəmmədsobir Fayzov (19 yaş) olub.

Bundan əvvəl Tacikistan Mədəniyyət Mərkəzinin rəhbəri Xurşeda Hamrakulova konsert zalında qətliam törədən terrorçuları dini və milliyyəti olmayan cinayətkarlar adlandırıb və bütün xalqı onlara görə mühakimə etməməyə çağırıb: “Bu dəhşətli terror aktını törədənlər Tacikistan sakinləri deyil, biz onlardan imtina edirik”.

Rus mediası qeyd edir ki, son bir neçə gündə Rusiyanın on regionu miqrantların işinə məhdudiyyətlər tətbiq edib. Belə ki, Novqorod vilayətinin hakimiyyət orqanları lisenziyası olan əcnəbilərə taksi və avtobus sürməyi, həmçinin spirtli içki satmağı qadağan edib. Əvvəllər miqrantların müəyyən sənaye sahələrində işləməsinə qadağa Çelyabinsk, Maqadan, Kalininqrad, Tula, Novosibirsk, Tümen və Kaluqa vilayətlərində, eləcə də Xantı-Mansi Muxtar Dairəsində Uqra və Yakutiyada tətbiq edilib.

Müəllif: Turan Abdulla