Sürətlə azalan reytinq, yeni Krım hiyləsi və: “Putin itirə-itirə gedir”

Dünya

07.05.2023 - 21:40

Abbas Qallyamov: “Putin Ukraynaya hücum edərək reytinqini saxlamağa çalışdı, amma alınmadı”

Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra rusların əksəriyyətinin dəstəyini itirib. Bu iddia ilə Rusiya liderinin keçmiş nitq yazarı, politoloq Abbas Qallyamov çıxış edib.

Onun sözlərinə görə, Kreml sahibi əsrin təxminən dörddə biri qədər zamanı rusların əksəriyyətinə nəzarət etməyi və onların dəstəyini qazanmağı bacarıb: “Son illərdə isə Putin reytinqini itirməyə başladı. Təxminən 2018-ci ildən Putin rusların dəstəyini itirə-itirə gəlir”.

Ekspert əlavə edib ki, İctimai Rəy Fondunun məlumatına görə, 2015-ci ildə Putinin seçki reytinqi 76 faiz təşkil edib: “Lakin 2020-ci ilin yanvar ayına qədər bu, 45 faizə düşdü. 76 faiz və 45 faiz nəzərəçarpacaq fərqdir. 2020-ci ilin yanvarından sonra Fond reytinqi sadəcə olaraq utandıqlarından dərc etməyi dayandırdı”.

“Rusların dəstəyini itirməsi səbəbindən Putinin hakimiyyəti itirə biləcəyi sualı ortaya çıxdı. Və buna görə də o, müharibənin köməyi ilə reytinqini düzəltmək yolunu tutdu. Krımla bağlı hiyləsini təkrarlamağa çalışdı, siyasi mövqeyini gücləndirmək istədi. Amma ikinci dəfə atdığı addım, Ukraynaya qarşı müharibə nəticə vermədi. İndi Putin biabırçı durumda qalıb. Ukraynaya qarşı müharibə Putinin reytinqini daha da azaltmış oldu”, - Qallyamov fikrini yekunlaşdırıb.

Qallyamov daha əvvəl iddia etmişdi ki, bu il ssenarilərdən biri reallaşmağa başlaya bilər: nəticədə Putin hakimiyyətini itirəcək.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Mikola Malomuj deyib ki, Putini Ukraynadakı müharibədən narazı olanlar vəzifəsindən uzaqlaşdıra bilərlər. Onun sözlərinə görə, Putin rejimi açıq-aşkar zəiflədikdə Rusiya daxilində ona qarşı aktiv fəaliyyətə başlanılacaq.

Aprelin əvvəlində rusiyalı müxalifətçi Gennadi Qudkov Rusiya Prezidentinin öz tabeliyində olanların - Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Gerasimovun və müdafiə naziri Sergey Şoyqunun qurbanına çevrilə biləcəyini proqnozlaşdırıb.

Müəllif: Turan Abdulla