“Super çərşənbə” köhnə rəqibləri yeni rəqib etdi - Diqqətlər “bitərəf seçici”də

Dünya

07.03.2024 - 21:49

Maksim Yali: “Tramp ciddi ittihamlarla təqsirli bilinsə, ABŞ-da xeyli sayda insan sonda ona səs verməyəcək”

ABŞ-da payızda keçiriləcək prezident seçkilərində hazırkı hakim Demokratlar Partiyasının və Respublikaçılar Partiyasının namizədləri demək olar ki, bəlli olub. “Super çərşənbə” axşamı nəhayət, prezidentlik yarışında indiki Prezident Co Baydenlə keçmiş Prezident Donald Trampın rəqib olacağı böyük ölçüdə bilindi. Belə ki, çərşənbə axşamı, martın 5-də ABŞ-da "Super çərşənbə” axşamı eyni vaxtda 15 ştatda partiyaların praymerizləri keçirildi və daxili seçkiləri Baydenlə Tramp böyük ölçüdə qazanmış oldu.

Beynəlxalq məsələlər üzrə ekspert, Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü Maksim Yali ABŞ-dakı seçkilərlə bağlı danışarkən deyib ki, əvvəlcə “Super çərşənbə” axşamının əhəmiyyətinə toxunub:

“Bu gündən sonra praymerizdə qalibin adına aydınlıq gəlir. Çünki səsvermə eyni vaxtda ABŞ-ın 15 ştatında - ən çox seçici olan ştatlarda keçirilir. Əslində bu, praymerizdə bir növ “finiş”dir. Axı “Super çərşənbə” axşamından sonra hər şey formallıqdan ibarət olur. Həm də adətən bu gündən sonra partiyalar daxilindəki digər namizədlər öz namizədliklərini geri götürürlər. Çünki onların bir daha aparıcı namizədə çata bilməyəcəkləri aydındır. Müvafiq olaraq, sponsorlar digər namizədlərin seçki kampaniyası üçün maliyyə təminatını dayandırırlar”.

“Əslində Demokratlar Partiyasının və Respublikaçılar Partiyasının prezidentliyə namizədləri aşağı-yuxarı bəlli idi. Sosioloji sorğulara görə, Tramp paymerizdə lider idui. “Super çərşənbə” axşamı praymerizdə de-fakto respublikaçıların namizədi oldu, səsvermədə qələbə qazandı. Beləliklə, ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından Tramp namizəd olacaq. Demokratlar Partiyasından isə namizədin hazırkı Prezident Co Bayden olduğu şübhə doğurmur”, - analitik vurğulayıb

Yali hesab edir ki, demokratlar və şəxsən hazırkı Prezident Bayden üçün ən yaxşı rəqib namizəd Trampdır: “Birincisi, əvvəl bu iki siyasətçi rəqib olublar, bir-birinin siyasi gedişlərindən xəbərdardırlar. İkincisi, sorğuların nəticələrinə və demokratların hesablamalarına görə, Trampla bağlı məhkəmə qərarları, cinayət işləri “bitərəf seçici” deyilənlərə təsir edəcək. Hansı ki, bu seçicilər nə demokratların, nə də respublikaçıların tərəfdarlarıdırlar. Adətən seçkinin taleyini də “bitərəf seçici” həll edir. Sorğuların nəticələrinə görə də, Tramp ciddi ittihamlarla təqsirli bilinsə, ABŞ-da xeyli sayda insan sonda ona səs verməyəcək. Hətta Respublikaçılar Partiyasının nümayəndələri arasında da ona səs verməyəcəklər var. Bu baxımdan, Baydenin seçkilərdə qalib gəlməsi şansları yüksəkdir”.

Müəllif: Turan Abdulla