“Sülh sazişinin imzalanması üçün bu gün heç bir əngəl yoxdur” - DEPUTAT

Aktual

29.04.2024 - 18:10

Bəhruz Məhərrəmov: “Rəsmi İrəvan sülhə əngəl yaratmaq istəyən dairələrə “yox” deməyi bacarmalıdır”

Rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi alıb. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Onun sözlərinə görə, söhbət sülh sazişi ilə bağlı təkliflərin 9-cu nəşrindən gedir.

Qazaxın işğalda olan 4 kəndinin qaytarılması, Qazaxla Ermənistanın Tavuş rayonu arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinin başlaması və Prezident İlham Əliyevin bu günlərdə bəyanatında “sülhə bu qədər yaxın olmamışdıq” bəyanatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı ehtimalını artırır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da hesab edir ki, hansısa fors-major vəziyyət yaranmasa, yaxın zamanlarda sülh sazişinin imzalanması realdır. Millət vəkili AYNA-ya müsahibəsində bildirib ki, bu gün danışıqlar masasında olan məsələlərin heç biri Ermənistanın maraqlarına zidd deyil:

- Bakının təklif etdiyi sülh paketindəki məsələlərin heç biri Ermənistanın beynəlxalq hüquqla tanınan haqlarına təcavüz kimi şərh edilə bilməz. Azərbaycan Vətən müharibəsindən dərhal sonra sülhlə bağlı təşəbbüslərini irəli sürüb və beş prinsiplik sənəd İrəvana təqdim edilib. Həmin şərtlərin heç birində ölkələrin ərazi bütövlüyü şübhə altına alınmır. Biz davamlı olaraq beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığıprinsipi əsasında addımlar atırıq.

Bir neçə gün əvvəl cənab Prezident İlham Əliyev Berlindəki çıxışında bildirdi ki, əgər kənardan müdaxilələr olmasa, mövcud vəziyyətdən kimlərsə sui-istifadə etməzlərsə, o zaman sülh sazişinin imzalanması mümkündür.

- Demək olarmı ki, sülh sazişi üçün əsas problemlər aradan qalxıb?

- Azərbaycanla Ermənistan arasında adətən “düyün nöqtəsi” Qarabağdakı separatçı qurumun varlığı, Ermənistanın separatçılara dəstəyi və İrəvanın Qarabağa iddiası idi. Azərbaycan yeni reallıq yaradıb, artıq Ermənistanın leksikonunda Qarabağa iddia yoxdur. Söhbət Ermənistanda hakimiyyətdə olanların, cəmiyyətin böyük kəsiminin leksikonundan gedir, azsaylı revanşist müxalif qüvvələrin deyil. Bu gün biz masada Ermənistanın iddiaları arasında “Dağlıq Qarabağ” adlı şərt görmürük. Ermənistan zaman-zaman bu prosesi “Qarabağ erməniləri” anlayışına transformasiya etmək istədilər, bu istiqamətdə müəyyən təzyiq halqası formalaşdırmağa çalışdılar. İndi bu proses də arxada qalıb. Hesab edirəm ki, bu gün “düyün nöqtələri” sülh masasında mövcud deyil. Belə olan təqdirdə rəsmi Bakı İrəvanın sülh sazişi sənədi ilə bağlı hansısa yeni şərtlər qoyması üçün əsas görmür.

Prezident İlham Əliyev bu yaxınlarda ADA Universitetindəki beynəlxalq tədbirdə açıq şəkildə bildirdi ki, Azərbaycan görsə ki, Ermənistan yenidən hansısa terminlərdə ilişib qalırlar, hansısa terminlərin müzakirəsini uzun-uzadı aparmaq istəyirlər, bu o deməkdir ki, İrəvan sülh istəmir, vaxt qazanmaq niyyətindədir. Vaxt qazanmaq niyyəti də ondan qaynaqlana bilər ki, Ermənistan Fransadan, Hindistandan, Yunanıstandan silah tədarük etsinlər, necə deyərlər, özlərinə gəlsinlər və əvvəlki iddialarını irəli sürməyə cəhd etsinlər. Təbii ki, bu, xəyaldır. İstənilən halda, rəsmi Bakının mövqeyi bəllidir, şərtləri ortadadır. Sülh sazişi Azərbaycan üçün olmazsa-olmaz anlamı daşımır. Bəli, Azərbaycan sülh istəyir, amma saziş olmazsa da, biz heç nə itirmirik. Ərazi bütövlüyümüz bərpa olunub, sərhədlərimizə, ərazilərimizə nəzarət  ordumuzun əlindədir. Sülh Ermənistana lazımdır ki, bataqlığa tam yuvarlanmaqdan xilas olsun.

Bütün hallarda, sülh sazişi istiqamətində proses davam edir. Son vaxtlar biz prosesdə sürətlənmə də müşahidə edirik. Ümumiyyətlə, sülh prosesini ləngitməyə əsas yoxdur və hər kəs anlayır ki, regionda sülh üçün zaman yetişib. Sülhə əngəl yaratmaq istəyən xarici qüvvələr əlbəttə, var. Amma məsələn, Almaniya kansleri cənab Prezident İlham Əliyevlə birgə mətbuat konfransında bildirdi ki, bu il sülh ili olmalıdır. Yəni artıq dünya da etiraf edir ki, sülh sazişinin imzalanması üçün bir maneə qalmayıb.

- Əngəl qalmayəbsa, saziş niyə imzalanmır?

- Mən dedim axı, müəyyən qüvvələr sülhü istəmirlər. Məsələn, Fransanın mövqeyi bəllidir. Düşünürəm ki, rəsmi İrəvan, ümumilikdə Ermənistan hakimiyyəti iradə nümayiş etdirməlidir. Rəsmi İrəvan sülhə əngəl yaratmaq istəyən dairələrə “yox” deməyi bacarmalıdır. Eyni zamanda, Ermənistan hakimiyyəti daxildəki revanşist kəsimə qalib gəlməyi bacarmalıdır. Qeyd etmək lazımdır ki, rəsmi İrəvanın işğalda olan 4 kəndin qaytarılması ilə bağlı iradəsi təqdirəlayiq haldır. Düzdür, Ermənistan bu qərarı öz xoşu ilə vermədi, amma hər halda, müsbət addım idi. Eyni zamanda, kəndlərin qaytarılmasına etiraz edən azsaylı kəsimə qarşı rəsmi İrəvanın yanaşması da adekvat oldu. Hesab edirəm ki, Ermənistan hakimiyyətim müstəqil davrana bilərsə, sülhə əngəl dairələrin sözü ilə oturub-durmağı kənara qoyarsa, sazişin imzalanması üçün hansısa əngəl yoxdur.

- Xarici işlər nazirlərinin Almatıda görüşü olacaq. Bu görüşdən nələr gözlənilir?

- Bilirsiniz, sülh prosesi ilə bağlı bütün detallar ictimaiyyətə açıqlanmır. Ona görə də məsələ ilə bağlı proqnozlar ictimaiyyəti yanılda bilər, prosesin gedişi barədə yanlış təsəvvürlər formalaşa bilər. Amma ötən dövr onu göstərdi ki, Azərbaycan diplomatiyası ölkəmizin milli maraqlarını qoruyur, danışıqlarda buna əsaslanılır. Demək olar ki, bütün müzakirələr Azərbaycanın maraqlarının təmininə yönələcək. Amma müəyyən mənada demək olar ki, nələrsə razılaşdırılacaq. Dediyim kimi, yekun sülh üçün bu gün hansısa maneə yoxdur.

Müəllif: Anar Bayramoğlu