Şəhidin ailəsi yarımçıq abidənin sökülməsini tələb edir
Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon dairəsi, Adil Məmmədov küçəsi 99. Bu ünvan Xocavəndin Hadrud qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Rafiq Heydərovun doğulub, boya-başa çatdığı ünvandır. Bu gün o ünvanda Rafiqin doğmaları, ailəsi, dostları yaşayır. Lakin artıq Rafiq yoxdur, əvəzində isə Rafiqin adının əbədilləşdirilməsi məqsədilə qoyulmuş bir daş var.
Bəli, hansısa bir abidə və ya xatirə lövhəsi yox, məhz daş. Üstəlik elə bir daş ki, üzərində nə Rafiqin adı, nə soyadı, nə də şəkilləri əks olunmayıb.
Bu il, oktyabr ayının 14-də Fizuli və Xocavənd rayonlarının azad edilməsi və Vətən uğrunda medalları ilə təltif olunmuş, ələ keçirilmiş düşmən hərbi hissəsinə Azərbaycan bayrağını sancmış 25 yaşlı Rafiq Heydərovun şəhadətinin ildönümü mərasimi keçirildi. Mərasimə gələnləri də düşündürən əsas məqam şəhidin adına qoyulmuş bu daşın nə üçün bir il ərzində abidəyə çevrilməməsi idi.
Şəhidin ailəsi və yaxınlarının dediyinə görə, şəhidimizin adının əbədiləşdirilməsi üçün Binəqədi rayon İcra Hakimiyyəti bir sıra təkliflər irəli sürüb. Ailə bu təkliflər içərisində seçim edərək, Rafiqin yaşadığı məhəllədə bir abidənin hazırlanmasına razılıq verib. Amma Binəqədi rayon İcra Hakimiyyəti ən pis halda 3-4 aya başa çatdırılması mümkün olan işi bir il ərzində görə bilməyib. Nəticədə, şəhidin il mərasiminə qədər azı 10 dəfə sökülüb-tikilməsi mümkün olan kiçik bir abidə bu günə qədər hazır deyil.
Şəhidin yaxınlarının EDNews.net-ə verdiyi məlumata görə, 6 ay ancaq abidənin yeri ilə bağlı müzakirələr gedib. İcra nümayəndələri abidəni şəhidin yaşadığı mənzilin blokun içinə (!) yerləşdirmək istəyiblər, ailə razı olmayıb. Ailənin təklif etdiyi yerə isə icra nümayəndəsi icazə verməyib. Uzun-uzadı davam edən və şəhid ailəsini incik salan danışıqlardan sonra axır abidənin yeri müəyyənləşib.
Bundan sonra isə icra nümayəndələri abidənin hazırlanma işini yubadıblar. Bir gün yağış, başqa gün materialların olmaması, növbəti gün mühəndislərin gəlməməsi... Hər gün bir bəhanə və nəticədə 45 gün ərzində abidə ancaq yarımçıq formada hazır olub. Bir müddət sonra isə icra nümayəndələri ümumiyyətlə yoxa çıxıblar. Nəticədə, cəmi bir aya hazırlanması mümkün olan abidə Binəqədi rayon İcra Hakimiyyətinin laqeyd münasibəti səbəbindən bir ildən çox keçməsinə baxmayaraq hələ də tam hazır vəziyyətə gətirilməyib.
Hazırda şəhidin ailəsi ümumiyyətlə yarımçıq abidənin sökülməsini tələb edir. Şəhidin atası icra hakimiyyətinin laqeyd münasibətindən qəzəblənərək “Quraşdırdıqlarını da söküb aparsınlar, oğluma belə abidə lazım deyir” deyir.
Bu da bir olaydır. Azərbaycanda bir ilə Fizuli Beynəlxalq Hava limanı istifadəyə verilir, lakin Binəqədi rayon İcra Hakimiyyəti şəhid Rafiq Heydərov üçün öz yaşadığı ünvanda kiçik bir abidə quraşdıra bilmir. Qarabağın yenidən qurulduğu, abadlaşdırıldığı, Zəngəzur dəhlizinin təməlinin atıldığı, Şuşanın ölkənin real turizm mərkəzlərindən birinə çevrilməkdə olduğu bir dövrdə Qarabağ zəfərinin memarı olan şəhidlərimizin ailələrinə qarşı nümayiş etdirilən bu laqeydlik hər şeydən əvvəl şəhidə və dövlətə edilmiş hörmətsizlikdir və hətta xəyanətdir. Şəhid ailəsini süründürən, incidən məmur Azərbaycan dövlətinə, Azərbaycan xalqına xəyanət edir. Bir halda ki, dövlət başçısı Qarabağa hər səfərində şəhidləri anır və qazilərlə, şəhid ailələri ilə səmimi görüşlər keçirib, onların durumu ilə maraqlanır, yerli məmurların şəhid ailələrinə qarşı göstərdikləri bu laqeydlik ən çox da ölkə prezidentinə qarşı yönələn xəyanətdir.
Nicat İsmayılov