“SMS icazə ləğv edilsə də, digər karantin cərimələri qüvvədə qalır”

Cəmiyyət

04.08.2020 - 23:46

Natiq Cəfərli: “Məmurlar öz mülkiyyətlərini qohumlarının adına rəsmiləşdirirlər”

 

Azərbaycan Respublikası Milli Məclisinin avqustun 5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi açıqlanıb. Növbədənkənar iclasda bir sıra məsələlərlə bağlı, eləcə də "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə ediləcək.

 

Çox güman ki, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik nəzərdə tutulur. Dəyişikliyə əsasən, cərimələrdən daxilolmalar 16,9 milyon manat (proqnoz 10 milyon manat idi), hüquq mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30,0 milyon manat nəzərdə tutulur. Yəni, camaatdan 16,9 milyon AZN, həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından isə 30 milyon manat alınacaq.

 

Cərimələrdən daxilolmalar 10 milyon manat proqnozlaşdırıldığı halda, daha yüksək, məmurların müsadirə edilmiş əmlaklarından isə cəmi 30 milyon manatın büdcəyə əlavə olunması nə dərəcədə düzgün qərardır?

İqtisadçı-ekspert Natiq Cəfərlinin AYNA-ya dediyinə görə, cərimələrdən daxilolmalar ona görə 10 milyon manat hesablanmışdı ki, karantin tədbiləri öncə iki aylıq üçün nəzərdə tutulmuşdu, amma beş, hətta altıncı aya qədər uzadıldı: “Yenə də karantin tədbirlərinin pozulması ilə bağlı SMS icazələrin ləğv olunmasına baxmayaraq, müxtləlif cərimələr nəzərdə tutulur. Ən azından, işlətmələrlə bağlı və yaxud da şəhərdən giriş-çıxışla bağlı və s. kimi hallarla əlaqəli olaraq cərimələrdən daxilolmalar daha da artacaq”.

 

“Keçmiş və yaxud da həbs olunmuş və ya barəsində məhkəmə qərarı olan məmurların əmlakı ilə bağlı məsələyə gəldikdə isə, əslində onların dövlətləşdirilməsi və yaxud da onların satışa çıxarılaraq dövlət büdcəsinə əlavə vəsaitin cəlb olunması çox ciddi prosedur qaydaları ilə bağlıdır. Həmin insanların çox böyük əksəriyyətinin öz adlarına heç bir əmlakı yoxdur. Onlar öz mülkiyyətlərini, əsasən yaxın və uzaq qohumlarının adına rəsmiləşdirirlər. Ona görə də belə bir qərarın və məbləğin olması bununla bağlıdır. Çünki çox zaman cinayət törədən şəxsin adına daşınar və ya daşınmaz əmlak olmur”, - Cəfərli bildirib.

Müəllif: Ülviyyə Şahin