Viktor Orban: “Əminəm ki, onilliyin sonuna qədər Gürcüstan həqiqətən də ən yaxşı formada Aİ-yə üzv dövlət olmağa hazır olacaq”
Macarıstanın Baş naziri Viktor Orban Tiflisdə keçirdiyi brifinqdə Gürcüstan hakimiyyətinə tam dəstəyini ifadə edib. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.
“Sizi təbrik etmək istəyirəm ki, Avropaya inteqrasiya istəyi kontekstində ölkənizin ikinci Ukraynaya çevrilməsinə imkan vermədiniz...Baş nazirin bu ideyaya sadiqliyini çox yüksək qiymətləndiririk və mən şəxsən əminəm ki, onilliyin sonuna qədər Gürcüstan həqiqətən də ən yaxşı formada Avropa İttifaqına üzv dövlət olmağa hazır olacaq. Biz sizə kömək etmək üçün hər şeyi edəcəyik”, – Orban gürcü həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra deyib.
Orban Gürcüstanda seçkilərin azad və ədalətli keçdiyini bildirib. Baş nazir tənqidləri “absurd” adlandırıb və “ciddi baxmamağı” tövsiyə edib.
Onun fikrincə, “Avropa siyasəti “oyun kitabçası üzərində qurulub: “Liberallar qalib gəlirsə, deməli, bu, demokratiyadır, mühafizəkarlar qalib gəlirsə, o zaman demokratiya olmadığı ortaya çıxır”.
Macarıstanın Baş naziri deyib: “Mən macar müşahidəçilərin hazırladığı hesabatla tanış oldum – bütün aspektlərdə müsbət idi. Orada göstərilir ki, seçkilər azad və ədalətli keçirilib. Ona görə də Gürcüstanın Baş nazirini təbrik etmək istəyirəm”.
Qeyd edək ki, Gürcüstan hakimiyyəti Orbanı Avropadakı əsas müttəfiqlərindən biri adlandırır.
Ötən şənbə Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Orban seçki məntəqələri bağlanandan dərhal sonra, hətta ilkin nəticələrin açıqlanmasını belə gözləmədən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasını qələbə münasibəti ilə ilk təbrik edib.
Orbanla birlikdə Macarıstanın dövlət katibi, xarici işlər və ticarət, iqtisadiyyat və maliyyə nazirləri Gürcüstana gəliblər.
Avropa İttifaqının 13 ölkəsinin nazirləri xüsusi bəyanatla çıxış edərək Orbanın bu səfər zamanı “Aİ adından danışmadığını” ifadə ediblər.