Siyasi partiyaların fəaliyyətində yeni mərhələ - Razı, narazı və neytrallar

Siyasət

16.09.2022 - 10:23

Qabil Hüseynli: “10 min say həddi bir qədər yüksək olsa da, min say həddi aşağıdır”

Azər Rəşidoğlu: “Qanun partiyalarda birləşməklə bağlı məhdudiyyətlər yaradacaq”

Fərid Şahbazlı: “Qanunun qəbulu siyasi münasibətlər sisteminə yeni nəfəs gətirəcək”

Azərbaycan Parlamenti “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini qəbul etməyə hazırlaşır. Qeyd edək ki, mövcud qanun ötən əsrin 90-cı illərinin əvvəllərində qəbul edilib. Lakin üzərində çoxlu dəyişikliklər aparılıb. 4 fəsil və 22 maddədən ibarət olan qanunu 6 fəsil və 30 maddədən ibarət edəcək yeni qanun layihəsinin əvəz edəcəyi gözlənilir.

Layihədə siyasi partiyaların təsis olunması, dövlət qeydiyyatı və ləğvi barədə mühüm dəyişikliklər yer alıb. Siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının mindən 10 minə qaldırılması təklif olunur. Ardıcıl olaraq iki dəfə parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğvi də nəzərdə tutulub.

Müxalifət fəalları hesab edirlər ki, “Siyasi partiyalar haqqında” yeni qanun ölkədə siyasi azadlıqları boğmağa, müxalif partiyaların fəaliyyətini əngəlləməyə hesablanıb. Lakin əks qənaətdə olanlar, Azərbaycanda siyasi aktivliyi artırmaq üçün partiyaların minimum üzv sayının artırılmasının vacibliyini söyləyənlər də var.

Siyasi icmalçılar yeni qanun layihəsindən gözləntilərini AYNA ilə bölüşüblər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, siyasi partiyaların fəaliyyətinə yenidən baxılmalıdır: “İlk növbədə onu qeyd edim ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə mərhələsindədir. Hələ yekun qərar elan olunmayıb. Siyasi partiyalar üçün min üzv tələbi çox aşağıdır. Ona görə ki, Azərbaycan vətəndaşlarının sayı artıb. 10 min say həddi bir qədər yüksək olsa da, min say həddi aşağıdır”.

“Bu gün Azərbaycanda xeyli sayda partiya var ki, onların çoxu fəaliyyətsizdir. Hətta min üzvü olduğunu belə, söyləmək olmaz. 30 il öncə qeydiyyata alınan partiyaların reyestrinin yenidən aparılması təbiidir. Hesab edirəm ki, qanun üzərində işlənilməklə daha təkmil formada yekun müzakirəyə çıxarılmalıdır”, - deyə həmsöhbətimiz bildirib.

Hüseynli yeni qanunun siyasi partiyalar arasında sağlam rəqabətə yol açmasını vacib sayır: “Əgər belə olmayacaqsa, ciddi nəticələrdən danışmaq mümkün olmayacaq. Son illər partiyalar arasında əməkdaşlıq meylləri güclənib. Azərbaycan hökuməti dialoq mühitinin formalaşmasında maraqlı görünür. Əminəm ki, bu siyasət davam edəcək. Yeni qanun imkan verəcək ki, siyasi konfiqurasiya daha da dərinləşsin. Çünki qanunda bununla bağlı məqamlar da öz əksini tapıb. Amma bu, o demək deyil ki, barmaqla sayılacaq üzvləri olan partiyalar fəaliyyət göstərməlidir. Partiya adına iddia edən təsisatın müəyyən sosial elektoratı olmalıdır. Dayaqları olmayan partiya nəinki cəmiyyətə, heç onu yaradanların özlərinə də gərək deyil”.

Siyasi şərhçi Azər Rəşidoğlu isəo fikirdədir ki, yeni qanun layihəsi siyasi partiyaların fəaliyyətinə mənfi təsir göstərəcək: “Qanun layihəsində qeyd edilən bir sıra müddəalar Azərbaycanda partiyalarda birləşmək və fəaliyyət göstərməklə bağlı məhdudiyyətlər yaradacaq. Lakin bu qanunun siyasi proseslərə ciddi təsir edəcəyini düşünmürəm. Azərbaycanda demokratik hüquqlar xeyli dərəcədə məhdudlaşdırılıb və hansı qanunun qəbul ediləcəyinin də önəmi yoxdur. Lakin bütövlükdə qanun layihəsində verilən təkliflər onu göstərir ki, demokratik mühiti məhdudlaşdırmaq istiqamətində addımlar atılacaq”.

Politoloqun sözlərinə görə, qanun ictimai müzakirələr və dinləmələr aparılmadan müzakirəyə çıxarılıb: “Qeydiyyatla bağlı müəyyən məhdudiyyətlər, say tərkibi, maliyyələşmə ilə bağlı müddəalar problem yaradacaq. Qanun layihəsində siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa yönəlik kifayət qədər məqamlar yer alıb”.

“Hesab edirəm ki, layihə parlamentdə müzakirə olunduğu dövrdə bəzi müddəalar çıxarılmalıdır. Misal üçün, seçkilərdə iki dəfə iştirak etməyən partiyaların qeydiyatının ləğvi bəndi çıxarılmalıdır. Ümumiyyətlə, layihə ciddi ictimai müzakirələrdən sonra qəbul edilə bilər. Belə müzakirələr isə aparılmayıb”, - deyə Rəşidoğlu vurğulayıb.

Lakin “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı fərqli qənaətdədir: “Mövcud qanun köhnəlib və yeni qanun layihəsinin qəbul olunması labüddür. Siyasi partiyaların fəaliyyətini tənzimləyən qanun layihəsi 30 ildən artıqdır ki, qəbul olunub. Bu müddətdə Azərbaycanda və dünyada ciddi dəyişikliklər baş verib. Bu mənada “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbul olunmasına, müasir dövrün tələbləri ilə uyğunlaşdırılmasına ciddi ehtiyac var”.

“Son illərdə bir çox yeni qanunlar qəbul edilib, idarəetmədə köklü islahatlar aparılıb. Hesab edirəm ki, bu qanun Azərbaycanın siyasi həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq. Ölkəmizin siyasi münasibətlər sisteminə yeni nəfəs gətirəcək. Nəzərə alanda ki, mövcud partiyaların əksəriyyəti 90-cı illərdə təsis olunub, yeni siyasi nizamın formalaşması baxımından da qanunun əhəmiyyəti böyükdür. Əgər bir partiya ortaya siyasi iddialar qoyursa, onun dayaqları və sosial elektoratı olmalıdır”, - deyə müsahibimiz söyləyib.

Şahbazlı partiya təsis etmək üçün minimum say tərkibinin artırılmasını da vacib sayır: “Mövcud qanuna görə, Azərbaycanda siyasi partiya yaratmaq üçün minimum min üzvün olmalıdır. Bu rəqəm çox azdır. Söhbət hər hansı ictimai təşkilatdan getmir. Partiya üzərinə daha ciddi məsuliyyət götürür. Yeni qanun layihəsində 10 min üzv tələbi reallığa söykənir. Düşünürəm ki, bu, ölkədə yeni siyasi nizam yaradaraq, sosial elektoratı olan partiyaların güclənməsinə təkan verəcək. Bundan sonra isə həmin partiyaların fəaliyyətinin stimullaşdırılması üçün müvafiq addımlar atılacaq. Hansı ki, qanun layihəsində də bu məqamlar öz əksini tapıb”.

Müəllif: Azər Niftiyev