Siyasi elitada fiqurların yeri dəyişir: oliqarx “Gürcü Arzusu”nu seçkiyə hazırlayır

Dünya

31.01.2024 - 22:06

David Avalişvili: “Qalmaqallar seçkilər öncəsi hakim partiyanı xeyli zəiflətdi və İvanişvili hərəkətə keçmək qərarına gəldi”

Elxan Şahinoğlu:  “İvanişvili Qaribaşvilini arxa plana atmaqla cəmiyyətin narazı kəsimini də nisbətən sakitləşdirmiş olur”

Dünən axşam saatlarında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verdiyini açıqladı. Bu qərar hakim “Gürcü Arzusu” Partiyasının fevralın 1-də keçiriləcək qurultayında rəsmən elan olunacaq. Baş nazir dünən Tbilisidə keçirdiyi brifinqdə istefa verdiyini açıqlayıb. Qaribaşvilinin sözlərinə görə, bu barədə qərar “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasında qəbul edilib.

Partiyadaxili demokratiyanın vacibliyini vurğulayan siyasətçi “başqalarına da imkan vermək lazımdır” deyib. Qaribaşvili “Gürcü Arzusu”nun sədri olmaq təklifi aldığını da qeyd edib.

Baş nazir çıxışında vurğulayıb ki, hakimiyyətdə kadr dəyişiklikləri daxili demokratiyadan xəbər verir: “Gizlətməyəcəm, biz Siyasi Şurada yaya qədər, seçki kampaniyası başlayana qədər qalmaq imkanını müzakirə etdik. Lakin mən bu qərarı indi vermək qərarına gəldim”.

Qeyd edək ki, Qaribaşvili 2013-2015-ci illərdə və 2021-ci ilin fevralından indiyədək Gürcüstanın Baş naziri olub. O əvvəllər ölkənin Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə rəhbərlik edib.

Hökumətyönlü “İmedi” telekanalı hökumət və parlamentdəki məlumatlı mənbələrə istinadən xəbər verib ki, xarici işlər naziri də daxil olmaqla, altı nazir hökumətdəki postlarını tərk edəcək. Məlumata görə, xarici işlər, ədliyyə, səhiyyə, müdafiə və mədəniyyət nazirliklərinin rəhbərlərinin dəyişəcəyi gözlənilir. O cümlədən, Gürcüstan Parlamentinin sədr müavini İrakli Çikovaninin müdafiə naziri postuna namizədliyinə baxılır.

Qaribaşvilini Baş nazir postunda “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze əvəz edəcək. Bundan başqa, mətbuatda yayılan xəbərlərə görə, “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin böyük oğlu Uta İvanişvili də siyasi səhnəyə çıxacaq.

Qeyd edək ki, 2023-cü ildə İvanişvili “Gürcü Arzusu”nun fəxri sədri vəzifəsini tutdu və qeyd etdi ki, o “hakim partiyanı korrupsiya risklərindən qorumaq” üçün siyasətə qayıdır.

Baş nazirin istefasını şərh edən “Nation.ge”nin analitiki, gürcü ekspert David Avalişvili hesab edir ki, Gürcüstan hakim elitasında əsas fiqurların dəyişdirilməsi qərarı ilk növbədə, hazırkı Baş nazir İrakli Qaribaşvili ətrafındakı qalmaqallı məsələlərlə bağlıdır: “Xüsusilə, onun Qərb universitetlərindən birinə oxumağa gedən oğlunu hökumət təyyarəsində müşayiət etməsi əhvalatı böyük səs-küyə səbəb oldu. Başqa bir qalmaqal isə Baş nazirin həyat yoldaşı Nunuka Tamazaşvili ətrafında yarandı. Bağ evinin yanındakı böyük bir meşə sahəsinin Qaribaşvili ailəsinə ixtiyarına verilməsi məsələsi də qalmaqala səbəbn oldu. Bu qalmaqallar seçkilər öncəsi hakim partiyanı xeyli zəiflətdi və Bidzina İvanişvili hərəkətə keçmək qərarına gəldi”.

Analitik eyni zamanda, hesab edir ki, hakim partiyanın yaradıcısını istiqamətləndirən əsas məsələ oktyabr ayında keçiriləcək seçkilərin “unikal konfiqurasiyası”dır: “Bu ölkə tarixində seçkinin sırf proporsional əsasda keçirilən ilk seçkilərdir. “Gürcü Arzusu” seçkidən sonra Gürcüstan üçün ənənəvi olan inqilab cəhdlərindən qorunmaq üçün Mixail Saakaşvilinin partiyasını böyük üstünlüklə məğlub etməlidir”.

Azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AYNA-ya deyib ki, Gürcüstanda bu proseslərin arxasında şübhəsiz ki, oliqarx İvanişvili dayanır: “Guya İvanişvili siyasətdə yoxdur, amma Gürcüstandakı bütün proseslər onun nəzarətindədir. İndi siyasi elita içərisində baş verən dəyişiklik əmrini verən də İvanişvilinin özüdür. Oliqarx bununla iki həmlə edir: birincisi, Qaribaşvilinin yerinə Kobaxidzeni gətirib onu da yoxlamaq, sınaqdan keçirmək istəyir, ikincisi, oktyabrda keçiriləcək parlament seçkilərinə hazırlıq görür. Gürcüstanda cəmiyyətin müəyyən kəsiminin indiki hakimiyyətdən narazılığı var. İvanişvili Qaribaşvilini arxa plana atmaqla cəmiyyətin narazı kəsimini də nisbətən sakitləşdirmiş olur. Mesaj verir ki, “baxın, Gürcüstana yeni nəfəs gəlir”. Hesab edirəm ki, bu, çox hiyləgər gedişdir”.

“Ümumiyyətlə, Gürcüstanda hakim elita rotasiya qaydasında tez-tez dəyişir. Bununla “Gürcü Arzusu” hakimiyyət müddətini uzatmağa hesablanmış addımlardır. Hesab edirəm ki, İvanişvili bu seçkilərdə də “Gürcü Arzusu”nun hakimiyyətdə qalması üçün gedişlər edir ki, bundan sonra da ölkəyə nəzarəti əlində saxlaya bilsin”, - analitik fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla