“Artıq “Dağlıq Qarabağın rəsmiləri” yoxdur, “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil”
Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyasının buraxılması lazımdır. Çünki “qarşı tərəf artıq səlahiyyətli deyil”.
AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə sessiya zamanı Simonyan “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyanın üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmaması sualına cavabında deyib.
Ermənistan Milli Assambleyasının rəhbəri qeyd edib ki, onun üçün artıq “Dağlıq Qarabağın rəsmiləri” yoxdur, “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil: “Hüquqşünas kimi hesab edirəm ki, qeyd olunan formatın ləğvi məsələsini ciddi müzakirə etmək lazımdır”.
Simonyanın sözlərinə görə, 2021-ci ildə bir iclas keçirilib, bir müddət sonra ikinci iclasın keçirilməsi planlaşdırılıb: “Lakin Qarabağ “parlamentinin” o vaxtkı “sədri” səhhətində yaranan problemə görə iclasın ləğv edilməsini xahiş etdi. Mən başa düşmürəm, niyə bu məsələni indi müzakirə etməliyik. Qarabağ öz “liderinin fərmanı” ilə özünü ləğv edib”.