Volodimir Zelenski: “Biz Şimali Koreyadan gələnlərin sayında artım görürük, lakin tərəfdaşlarımızın reaksiyasında artım görmürük”
Artıq 11 min Şimali Koreya hərbçisi Rusiya Federasiyasının tərəfində Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyanın Kursk vilayətinə gəlib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 4-də axşam videomüraciətində ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətinin hesabatlarına istinadən bildirib.
“Biz Şimali Koreyadan gələnlərin sayında artım görürük, lakin tərəfdaşlarımızın reaksiyasında artım görmürük”, - deyə Ukrayna lideri gileylənib.
Həmçinin ABŞ Rusiyanın Ukrayna ilə həmsərhəd bölgəsində Şimali Koreya əsgərlərinin sayı ilə bağlı öz qiymətləndirməsini təqdim edib. Vaşinqtonun məlumatına görə, Kursk vilayətində Şimali Koreyadan 10 minə yaxın hərbçi var.
Cənubi Koreyanın “The Korea Herald” qəzeti yazıb ki, Moskva Pxenyana Rusiyanın tərəfində döyüşlərə verdiyi töhfəyə görə bir növ “təzminat” təklif edib. Bildirilib ki, Rusiya Şimali Koreyaya 600-700 min ton düyü təklif edib. Bu, Pxenyanın düyüyə illik ehtiyacını ödəmək üçün çatışmayan həcmin yarısından çoxunu əhatə edəcək. Bundan əlavə, Cənubi Koreya kəşfiyyatı Ukraynaya qarşı döyüşmək üçün göndərilən Şimali Koreya əsgərlərinin aylıq maaşını təxminən 2000 dollar qiymətləndirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Ukrayna Silahlı Qüvvələri (AFU) Kursk vilayətində Şimali Koreya əsgərlərinə hücuma başlayıb: "Şimali Koreyadan olan ilk hərbçi dəstəsi Kursk vilayətində atəşə tutulub".