Şərti sərhəddə təxribat anonsu: yeni ssenari ilə savaş

Aktual

06.02.2024 - 14:10

Sabiq nazir: “Təxribatla bağlı anonsların məqsədi ondan ibarətdir ki, ictimaiyyəti bu ssenariyə hazırlasınlar”

Birləşmiş Ştatların analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şurası 2024-cü il üçün müharibə ehtimalı olan ərazilərin xəritəsini hazırlayıb. Həmin xəritədə Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanması ehtimalı da irəli sürülüb. Şura analitikləri müharibənin daha çox “Azərbaycan Ermənistana hücum edəcək” proqnozuna əsaslanaraq irəli sürürlər.

Azərbaycanlı hərbi-siyasi şərhçilər hesab edirlər ki, Qərb platformalarında bu cür proqnozlar zaman-zaman gündəmə gətirilir. Analitiklərin qənaətincə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin hələ də imzalanmaması Qərbdən olan ekspert və analitik mərkəzlərə belə proqnozlar verməyə əsas yaradır. Bununla yanaşı, politoloqlar iddia edirlər ki, ola bilsin, erməni lobbi dairələrinə yaxınlığı olan müəyyən mərkəzlər qəsdlə belə proqnozlar verirlər. Ehtimal olunur ki, Ermənistan Azərbaycana hücuma hazırlaşır. Proses başlayanda Azərbaycanı günahlandırmaq üçün, indidən “Azərbaycan hücuma hazırlaşır” tipli proqnozlar verilir.

Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov AYNA-ya müsahibəsində deyib ki, 44 günlük müharibədən sonra faktiki fəaliyyətini dayandıran ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin əsas məqsədi Qarabağ münaqişəsindən istifadə edərək regionu idarəçiliyinə salmaq istəyirdi:

- Bu üç ölkənin əsas niyyəti bölgədə siyasi iradələrini saxlamaq idi. Ötən ilin sentyabrının 19-da başlayan və bir sutka davam edən antiterror əməliyyatı ilə Azərbaycan münaqişəyə tamamilə son qoydu. Azərbaycanın suverenliyini tam bərpa etməsini qəbul etməyən güclər Bakıya təzyiqlərini davam etdirirlər.

Ümumiyyətlə, münaqişə ocağı Qarabağdan çıxıb, indi şərti sərhədə keçməkdədir. Əsas qarşıdurma, gərginlik yerini dəyişdirir. Təbii ki, bu münaqişəyə təsir edən ölkələr, tərəflər artıq bu barədə hansısa siyasəti həyata keçirmək istəyirlər. Daha doğrusu bunun anonsu verilir.  

- Söhbət hansı siyasətdən gedir?

- 44 günlük müharibədən sonra Fransa fəallaşdı və təkidlə təkliflər səsləndirdi ki, Xankəndidə Rusiya sülhməramlıları ilə birlikdə hansısa humanitar missiya açsınlar, fəaliyyət göstərsinlər. Amma buna imkan verilmədi. Müharibədən sonra məsələyə Fransanın müdaxiləsinin qarşısı alınıb. Amma Parisin mövqeyi bundan ibarətdir ki, regionda hansısa formada qalsın. Fransanın taktikası ondan ibarətdir ki, Rusiya ilə dil tapıb Cənubi Qafqazda hansısa mövqelərə sahib olsun. Artıq Qarabağda nəsə etməyə onların hansısa ümidi qalmayıb. Hamı başa düşür ki, qısa müddətdən sonra Rusiya sülhməramlıları oradan çıxacaqlar. Rusiya da fikirləşir ki, Qarabağdan hərbçilərini çıxarıb hara aparacaqlar. Mümkün olan iki ssenari var: ya Rusiyaya qayıdacaqlar, ya da hansısa şəkildə Azərbaycan-Ermənistan sərhədində gərginlik yaradacaqlar. Bu gərginlikdə isə yeni rol oynayan  tərəf kimi qalsınlar.

- Yəni ki, şərti sərhəddə təxribat gözləniləndir...

- Əlbəttə, gözləniləndir. Bu təxribatları, gərginliyi istəyən qüvvələr mövcuddur. Təbii ki, Ermənistanın əli ilə şərti sərhəddə təxribatların olacağı mümkündür. İndi o mərhələdəyik ki, Fransa və Rusiya öz aralarında dil tapmağa, təxribat törətməyə və bundan istifadə edib öz missiyalarını bölgədə yerləşdirmək niyyətindədirlər. Kənar oyunçular fikirləşirlər ki, gərginlik ocağı qalarsa, regionda varlıqlarını saxlayacaqlar. Gərginliyi aradan qaldırmaq üçün vasitəçi olacaqlar. Təxribatla bağlı anonsların məqsədi ondan ibarətdir ki, ictimaiyyəti bu ssenariyə hazırlasınlar.

Müəllif: Anar Bayramoğlu