Prezidentin xəbərdarlığına əməl olunmasa, nə baş verəcək – <font color=red> AÇAR SUAL</font>

Cəmiyyət

21.10.2019 - 13:10

Məmurlar hazırda düşünürlər: Nəhayət, birbaşa vəzifələrini vicdanla yerinə yetirməli, yoxsa yenə heç bir iş görməyərək, ciblərinə qeyri-qanuni pullar yığıb kef çəkməli?

 

Prezidentin 15 oktyabr müşavirəsindəki çıxışının təfərrüatı ilə tanış olmaq, daxili siyasət ilə maraqlanan hər kəs üçün çox maraqlı idi. Xatırlayırıq ki, keçən ilki nitqi zamanı da İlham Əliyev, idarəçiliyi dövründə ilk dəfə (əslində 2003-cü ilin yayından bəri) islahatlara başlamaq niyyətini açıqlamışdı.

 

Azərbaycanda, həqiqətən həyatın bütün sahələrində köklü dəyişikliklərə ehtiyacın vaxtı çoxdan gəlib çatıb. Oktyabrın 15-də keçirilən iclasda dövlət başçısı çox konkret şəkildə bildirdi ki, islahatlara yönəlməkdə qərarlıdır və hakimiyyətdən getmək niyyətində deyil.

 

Burada, əvvəllər qəsdən dəyişikliklərə əngəl törədənlərə çox ciddi xəbərdarlıqlar var. Konkret adlar verilməsə də, bu xəbərdarlıqların verildiyi ton şəkli, demək olar ki, hədə dolu idi.

Beləliklə, çox güman ki, nəzərdə tutulan insanlar hər şeyi aydın şəkildə başa düşdülər və artıq növbəti iş gününə necə davam etməyi düşünürlər: Nəhayət, birbaşa vəzifələrini vicdanla yerinə yetirməli, yoxsa yenə heç bir iş görməyərək, ciblərinə qeyri-qanuni pullar yığıb kef çəkməli?

 

Həmin məmurlara (ən yüksək səviyyəli) müraciət edən Prezident, ölkədə davam edən islahatların əleyhinə olan hakimiyyətdəki insanlarla birlikdə olmadığını söylədi: “Çünki bu islahatlar onların şəxsi maraqlarına təsir göstərir. Onlar işimizə hər vəchlə mane olmağa çalışır, yeni təfəkkürə malik olan kadrları pisləyirlər”.

 

İlham Əliyev yeni Baş Nazir Əli Əsədovun qarşısında iki mühüm vəzifə qoyulduğunu da vurğuladı: Hökumətdə kadr islahatlarını davam etdirmək və iqtisadi artımı sürətləndirmək. Sövlət başçısı bəyan etdi ki, müasir dünyagörüşlü, ağıllı, gənclər hökumətdə yüksək vəzifələrə təyin edilməlidir: "21-ci əsrdə yaşayırıq. Bəs biz keçmiş düşüncəli insanlarla necə irəliləyə bilərik? Yalnız təbii resurslara arxalanmaq və ətalət yolu ilə irəliləmək olmaz”.

 

Beləliklə, ölkə başçısı birmənalı şəkildə açıqlayır ki, bu gündən etibarən bütün gənc savadlı mütəxəssislərin dövlət qulluğunda vəzifə tutmaq üçün yaxşı şansları var. Həm sıradan deyil, yüksək vəzifə.

 

Görüşdə Prezident onu da diqqətə çatdırdı ki, mətbuat hakimiyyətdəki bəzi qüvvələr arasında daxili mübarizə alətinə çevrilib. Bunun dözülməz olduğunu qeyd edən dövlət başçısı, bununla yerli mediada baş verənlərdən xəbərdar olduğunu açıqladı.

 

Yekun olaraq ümid etmək olar ki, bütün dövlət qurumları Prezidentin sözügedən çıxışını öz fəaliyyətlərinin göstəricisi kimi qəbul edərsə, Azərbaycan gerçək islahat yoluna qədəm qoya bilər. Eyni zamanda, belə bir sual da yaranır: Bəs əgər, ali rəhbərlərinin səssiz razılığına vərdiş edən, on illərlə özlərini iş görürmüş kimi göstərən və yaxşı qazanc əldə edən məmurlar dövlət başçısının xəbərdarlığını nəzərə almasalar, yenə öz yollarında davam etsələr, o zaman nə baş verəcək? Bax, bu, çox düşündürücü sualdır...

Müəllif: Rauf Orucov