Vuçiç bildirib ki, bu il dekabrın 11-i onun siyasi karyerasında ən çətin gün olub
“Amerikalı tərəfdaşlarımıza bir sualımız var. Bizə deyin, Priştina hansı razılaşmaya əməl edir və siz hansı razılaşmaya əməl edirsiniz? BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi, Brüssel sazişi, yoxsa Vaşinqton sazişi? Priştinanın əməl etdiyi, heç olmasa amerikalıların əməl etdiyi bu sənədlərdən birini bizə verin”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç Təhlükəsizlik Şurasının iclasından sonra vətəndaşlara müraciətində deyib.
Serbiya liderinin sözlərinə görə, Kosovo Albaniya və Amerika hakimiyyəti “biz nəyi və nə qədər istəsək, edə bilərik” mövqeyindən çıxış edir.
Vuçiç bildirib ki, özünü elan etmiş Kosovo Respublikası və ABŞ hakimiyyəti Kosovo Muxtar Vilayəti və Metoxiya ilə bağlı əvvəllər əldə edilmiş razılaşmaların heç birinə əməl etmir.
Son günlər bölgədə vəziyyət kəskin şəkildə gərginləşib. Keçmiş polis Deyan Pantiçin terrorizm ittihamı ilə həbsindən sonra serblər bölgənin şimalında barrikadalar qurmağa başlayıblar. Buna cavab olaraq Kosovo polisi muxtar serb vilayətinə Serbiyadan gələn girişi bağlayıb.
Kosovonun Baş naziri Albin Kurti yerli sakinləri bazar gününün sonuna qədər barrikadaları sökməyə çağırıb. Əks halda, onların Kosovo polisi tərəfindən dağıdılacağını bildirib. Bu bəyanatla əlaqədar Vuçiç Serbiyanın Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Serbiya lideri bildirib ki, bu il dekabrın 11-i onun siyasi karyerasında ən çətin gün olub. Bundan əlavə, o, prezidentliyi dövründə “ən çətin gecəni” yaşadığını istisna etməyib.
Vuçiç serblərlə albanlar arasında münaqişənin sülh yolu ilə həllinin çox vacib olduğunu vurğulayıb. Bundan əlavə, Prezident Kosovonun şimalındakı və Metoxiyadakı serbləri sakit olmağa və təxribatlara uymamağa çağırıb.