"Sprinter" sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ xəbər verir ki, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub. APA-nın məlumatına görə, Bakıdan Qazaxa hərəkət edən "Mercedes" markalı "Sprinter" sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib.
Qəzada çox sayda sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri dəqiqləşdirilir.
7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub. Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:
- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini
- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı
Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o Gəncə şəhər xəstəxanasına aparılıb.
Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.