AQTA-nın mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb
Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin "1003-Çağrı Mərkəzi"nə daxil olan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Qeyd edilib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.
Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.
Xatırladaq ki, ötən gün Şəmkirdə dönərdən zəhərlənmə hadisəsi baş verib. Nəticədə 7-i kişi, 13-ü qadın olmaqla 20 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.