Şəhidin atası: "Hüseyn bu gün tək mənim deyil, bütün Azərbaycan xalqının oğludur"
Dünən Gəncədə Vətən müharibəsində qəhrəmancasına şəhid olan Mirzəyev Hüseyn Elsevər oğlunun anım günü qeyd olunub.
AYNA xəbər verir ki, anım günündə Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında Hüseyn Mirzəyevin məzarını ziyarət edib, xatirəsini anıb, qəhrəmanın həyatından və keçdiyi şərəfli döyüş yolundan söhbət açıblar.
Şəhidin atası Elsevər Mirzəyev bir şəhid atası kimi oğlu ilə fəxr etdiyini deyib: “30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızı Hüseyn kimi mərd, qorxmaz oğullar bizə, xalqımıza qaytardı. Hüseyn bu gün tək mənim deyil, bütün Azərbaycan xalqının oğludur”.
Mirzəyev Hüseyn Elsevər oğlu 2001-ci il sentyabrın 19-da Gəncə şəhərində dünyaya göz açıb. Gəncə şəhər 46 nömrəli tam orta məktəbi bitirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun vətənpərvər, cəsur əsgəri Hüseyn Mirzəyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşub. 13 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində şəhid olub. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əsgər Hüseyn Mirzəyev dekabrın 22-də Gəncədə Şəhidlər xiyabanında torpağa tapşırılıb. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.