Şəhid anası baş tacımızdır, amma...

Cəmiyyət

05.01.2022 - 10:21

Artıq ilin ilk günlərindən cəmiyyətdə heç kimə sərf etməyən parçalanma yarandı, qarşılıqlı ittihamlar səsləndi

Şəhid general Polad Həşimovun anası Səmayə xanımın son açıqlamaları cəmiyyətdə əməlli-başlı təlatüm yaratdı. Biz bütün söylənilənləri bir daha xatırlatmaq, irəli sürülən bütün iddiaları saf-çürük etmək və onları cavablandırmaq niyyətində deyilik. Bunun üçün səlahiyyətli orqanlar mövcuddur və müvafiq şəxslər yəqin ki, müəyyən tədbirlər görəcək.

Amma məsələ burasındadır ki, Səmayə ananın dedikləri bəzilərinə genişmiqyaslı kampaniyalar başlatmaq üçün fürsət yaratdı və bəhanə verdi. Artıq ilin ilk günlərindən cəmiyyətdə heç kimə sərf etməyən parçalanma yarandı, qarşılıqlı ittihamlar səsləndi. Xüsusən də Səmayə xanımın oğlunun məqsədyönlü şəkildə öldürülməsi və onun fikrincə, bu “cinayətdə” əli olanların adlarının çəkilməsi sosial şəbəkələrdə Müdafiə Nazirliyi və digər dövlət strukturlarının ünvanlarına ittihamların yağdırılmasına səbəb oldu.

Müxtəlif formada təzahür edən bu ittihamların bir ümumi cəhəti var: müəlliflərin hamısının əsas istinad yeri məhz Səmayə xanımın söylədikləridir. Heç bir qeyri-sübut və dəlil göstərilmir. Şəhid anası dedi – vəssalam! Bir neçə dəqiqəlik müsahibə və mülahizələr kifayət etdi ki, uzaqgedən nəticələr çıxarılsın, neçə-neçə şəxs qətldə ittiham olunsun.

Qətl istənilən halda çox ağır cinayətdir. Amma nəzər saldığımız halda bu, sadəcə qətl yox, əslində vətənə xəyanət və satqınlıq da hesab edilə bilər. Bəs, yaxşı, bu ittihamlar nə dərəcədə haqlı idi? Nə dərəcədə etik normalara və vicdan kriteriyalarına müvafiq idi?..

Şəhidin məqamı və müqəddəsliyi haqqında çox danışılıb. Amma nə qədər çox danışılsa da, nə qədər xatirə lövhələri açılsa da, nə qədər ailələrinə təzminat verilsə də, həyatını vətən naminə qurban verənlərin haqqının bir zərrəsi belə, ödənilə bilməz. Biz hamımız, yaşından və ictimai mövqeyindən asılı olmayaraq onlara borcluyuq, onların valideynləri, övladları, ailə üzvləri isə bizim hamımıza əmanətdir. Necə deyərlər, hamısı gözümüzün işığıdır, istisnasız. Amma...

Bütün bunlar heç də şəhidin əzizlərinin hamısının mütləq surətdə haqqın və ədalətin canlı təzahürü olması anlamına gəlmir. Qətiyyən! Onlar da insandırlar  - qəlblərinə, ürəklərinə dağ çəkilən, çiyinlərinə dünya boyda dərd yüklənən - lakin insan! İnsan övladına isə səhv etmək kimi xüsusiyyət məxsusdur. Kim səhv etmir ki? Kim yanılmır ki? Kimdir məsum? Hətta İslam dininin ardıcılları məsumluq məsələsində ixtilafdadırlar: bəziləri peyğəmbərləri bu kateqoriyaya aid edirsə də, digərləri hətta Allah elçilərinin günaha bulaşdıqlarını söyləyirlər.

Bəs, əgər belədirsə və biz bunun fərqindəyiksə, nə üçün Səmayə xanımın dediklərini “Quran” ayəsi kimi qəbul edib çox dərin nəticələr çıxarmağa tələsdik? Bu sualın cavabını bilirik və əziz oxucularla da bölüşməyi zəruri sayırıq. Məsələ burasındadır ki, şəhid generalın anasının dedikləri bəzi dairələr üçün göydəndüşmə oldu: onlar dövlətə zərbə vurmaq üçün bütün vasitələrdən istifadə edənlərdir. Səmayə xanımın dedikləri isə sadəcə növbəti vasitədir.

Amma əsas kütlə sadəcə küyə gedənlərdir: nə dərin analizə ehtiyac duydular, nə də azacıq düşünməyə. Böyük dərdi olan yaşlı qadının söylədiklərini haqqın mütləq təzahürü kimi qəbul etdilər və onun əsasında hipotetik “cinayətə” üzüldülər, göz yaşı tökdülər...

Bu həngamədə kim uddu, kim uduzdu? Proses hələ davam edir və qəti fikir söyləmək istəməzdik. Sadəcə olaraq bir faktı qeyd edək, nəticəni isə hər kəs özü çıxarsın: artıq bir çox erməni “Telegram” kanallarında Səmayə xanımın generalımızın qətl edilməsi ilə bağlı söylədikləri paylaşılıb. Şərhlər də ki, müvafiq, yəqin onların məzmununu təsəvvür etmək olar.

Sonda isə daha bir zəruri qeyd. Dinə münasibətimiz fərqli ola bilər. Ancaq etiraf etməliyik ki, “şəhid” sözü birbaşa İslam dini ilə bağlıdır. Və elə buna görə də Allahın kəlamları hesab edilən “Quran”dan bir ibrətamiz və toxunduğumuz məsələyə xüsusi rəng qatacaq qissəni xatırlatmaq istərdik. Deməli, “Hud” surəsində Nuh peyğəmbərin gəmi düzəltməsindən və oğlunun tufan zamanı bu gəmiyə minməkdən imtina etməsindən, daha sonra isə sularda qərq olmasından bəhs edilir. Oğlunun ölümün pəncəsində çapaladığını görən Nuh “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir” nida edərək Allahdan övladının xilas edilməsini istəyir. Cavab isə belə olur: “Ey Nuh! O, sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”...

Bir daha təkrar edək ki, şəhidlər hər bir azərbaycanlı üçün müqəddəsdir və and yerimizdir. Amma bu müqəddəslik sərhədlərini cahilcəsinə və ixtiyari şəkildə genişləndirmək böyük yanlışlıqdır. Bunun bilərəkdən və ya düşüncə dayazlığından edilməsinin də heç bir fərqi yoxdur: istənilən halda özümüzə, müqəddəs dəyərlərimizə, dünənimizə, bu günümüzə, sabahımıza zərbə vurmuş olacağıq.           

Müəllif: Polad Xudayarlı