Səfirliyimizə terror hücumunun yeni detalları – RƏSMİ

Xəbərlər

06.02.2023 - 16:57

“Terrorçu diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb”

İrandakı səfirliyimizə hücum zamanı terrorçu özüylə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, terrorçu polisin hadisəyə müdaxilə etməməsindən istifadə edərək əvvəlcədən hazırladığı “Molotov kokteyli”ni səfirlik binasına atmaq istəyib: “Daha sonra terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.

Müəllif: Ayna.az