Bu ilin iyunun 20-dən oktyabrın 31-dək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınan yüklərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 55% artıb.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.
Məlumata əsasən, cari ilin yanvar-oktyabr aylarında Gürcüstanın dəmir yolu nəqliyyatı sektorunda rekord göstəricilər qeydə alınıb. Hesabat dövründə dəmir yolları ilə 12,4 milyon ton yük daşınıb ki, bu da illik nisbətdə 13% artım deməkdir. Bu göstərici son 12 ilin tarixi maksimumu hesab olunur.
Bildirilir ki, ilk 10 ayda konteyner daşımaları isə 17% artıb.
Qeyd edək ki, BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra bu ilin iyunun 2-də tam istismara verilib.