Səfər Mehdiyevdən spikerə zəng, Milli Qəhrəmanın tanınmayan haqqı və... - İCLAS

Aktual

14.12.2021 - 19:20

Milli Məclisin iclasında deputatlar bir sıra məsələ ilə bağlı təkliflər səsləndiriblər

Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib. Gündəliyinə 17 məsələ daxil edilən toplantıda əvvəlcə deputatlar onları narahat edən hallar barədə danışıblar. 

Deputat: "Səfər müəllim bu məsələyə aydınlıq gətirməlidir"

Deputat Elşən Musayev çıxış edərkən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müsahibəsində millət vəkilləri ilə bağlı irad dolu fikirlərinə toxunub. Deputat qeyd edib ki, Milli Məclis bütün dövlət qurumlarına hörmətlə yanaşdığı kimi, Dövlət Gömrük Komitəsinə də hörmət edir: "Ola bilsin ki, Səfər Mehdiyevin son müsahibəsində bəzi anlaşmazlıqlar var. Səfər müəllim bu məsələyə aydınlıq gətirməlidir". 

"Hörmətli Sədr, xahiş edirəm aydınlıq gətirilməzsə, bu məsələ ilə bağlı təşəbbüslə çıxış edəsiniz. Deputatlar anlayışı çox böyük anlayışdır”, - deyə E.Musayev qeyd edib

Spiker Sahibə Qafarova isə deputata cavabında söyləyib ki, bu günlərdə bir neçə saytda Gömrük Komitəsi sədrinin müsahibəsi verilib: “Dünən Səfər Mehdiyev mənə telefon açaraq təəssüf hissi ilə bildirib ki, müsahibədə onun fikri tam ifadə olunmayıb. O, deputatları deyil, bəzi məmurları nəzərdə tutub”.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə mətbuata müsahibəsində deputatların ayrı-ayrı vətəndaşların adına xaricdən məhsul gətirib satdığını bildirmişdi: "...Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı.  Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus  oldum.  Əsl səbəbi anlaya bilmirdim.  Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər?  Öz maraqlarını qoruyurdular".

Helikopter qəzasını terror adlandıranlara etiraz...

"Millətimiz üçün çətin sınaq olan 30 noyabr tarixli helikopter qəzası ilə bağlı hadisədən dərhal sonra yaranan 5 saatlıq informasiya vaakumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir", - deyə çıxışına başlayan İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc qeyd edib ki, birincisi, heç bir əsas olmadan xarici dövlətlərə qarşı hücum edən, hadisəni sübutsuz terror adlandırıb yanlış hədəflər göstərən qüvvələr bizə düşmənlər qazandırmaqla millətimizin təhlükəsilziyinə xidmət etmirlər: "Çünki qələbəmiz Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, Soçi və Aşqabad görüşü, Türkmənistan qazının İran vasitəsilə alınaraq dünyaya çatdırılması mühüm regional-beynəlxalq hadisələr olsa da, vertolyot qəzasının səbəbləri kimi göstərilə bilməz".

"İkincisi, Vətən müharibəsində və ötən bir ildə, eləcə də 16 noyabr tarixli sərhəd toqquşmasında əsir düşən erməniləri Azərbaycana terror zərbələri ilə geri almaq mümkün deyil. Min kvadrat kilometrlərlə əraziləri qəhrəmanlıqla azad edən dövləti terror və təxribatlarla siyasi-hərbi güzəştlərə vadar edə bilməzlər. Üçüncüsü, Vətən müharibəsindəki qələbəmizə hücum məqsədilə “3000 şəhidin ölüm səbəbini sorğulamadınız, ona görə qəzada həlak olanların da haqlarını tələb etməyəcəksiniz” deyən əqidə sahibləri 44 günlük savaşda Ermənistanla birgə məğlub olanlardır", - deyə Z.Oruc əlavə edib. 

Komitə sədri vurğulayıb ki, düşmənçilikdən qazananlara böyük zərbə dəyib: "Lakin qələbəmizi möhkəmləndirməkdən bizi heç kəs çəkindirə bilməz. Silahlı Qüvvələrimiz vahiddir. Onların rəhbərləri və bütün zabitləri, əsgərləri və bütün şəxsi heyəti, texnikası, texnologiyası vahid bir səngərdədir. Qəzasonrası Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti, o cümlədən bütün güc strukturları  koordinasiyalı hərəkət ediblər, 44 gündə olduğu kimi, bir düşmənə qarşı eyni amalı daşıyırlar".

Komitə sədri: "Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz"

"Nəhayət, 1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur. 8 noyabr Salnaməsi bütün tarixlərdə Zəfər ayı olaraq qalacaq və millətimizin taleyində nə baş versə də, onun tarixi əhəmiyyəti dəyişməyəcək. Nəhayət, qəzadan sağ-salamat çıxan hərbçilərin yarğılanması, onların şok altında müsahibələrini şübhə ilə qarşılayanların halına acıyırıq. Ona görə də 10 noyabrla, 20 və 30 noyabrı paralelləşdirənlərin məqsədləri bəllidir. Belələrinin beyni "26 sentyabr”da qalıb, - deyə Z.Oruc söyləyib

Deputat qeyd edib ki, açıq informasiya siyasəti, ədalətli məhkəmə bütün təxribatçı  rəy və ehtimallara aydınlıq gətirəcək, hərbi vertolyotlarımız daim qələbə uçuşlarını davam etdirəcəklər!".

Xankəndidən olan şagirdlərin məktəb problemi var

Xankəndinin deputatı Tural Gəncəliyev seçicilərinin məktəb problemindən danışıb. Millət vəkili qeyd edib ki, Xankəndindən olan şagirdlər Bakıdakı Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə oxuyurlar: "Bu məktəbin fəaliyyəti 2013-cu ildə bərpa edilib. Bu gün şagirdlərin sayı 1400 nəfəri keçib. Məktəbdə yaranan sıxlığa görə xankəndililər daha uzaq məsafəyə getməyə məcbur olurlar. Bu səbəbdən də xahiş edirik ki, əhalinin böyük qayıdış prosesi başlayana qədər modul tipli məktəb tikilsin".

Salatın Əsgərovanın şəhid olduğu kəndə onun adı verilsin! 

"Dekabrın 16-ı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq. Ən çətin dövrlərdə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük problemlər yaşadığımız illərdə  Qarabağ həqiqətlərinin dünyada geniş yayılması, erməni yalanlarına qarşı mübarizə üçün kiçik yaşlı övladını evdə qoyaraq öncəbhə bölgələrində gerçəklikləri dünyaya çatdıran əziz Salatın xanıma Allahdan rəhmət diləyir və “qanı yerdə qalmadı” deyirik".
 
Bu fikirləri deputat Qənirə Paşayeva səsləndirib. Millət vəkili bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərlə bütün şəhidlərimizin, o cümlədən, Salatın Əsgərovanın ruhu şad oldu: "Salatın xanımı tanıyırdım. Sonra tale elə gətirdi ki, onun kiçik yaşlardan anasız böyüyən oğlu Ceyhunla bir kollektivdə çalışdıq. Dövlətimiz və xalqımız hər zaman Milli Qəhrəmanımız Salatın Əsgərovanın xatirəsini uca tutub. Qeyd edim ki, yanvar ayında da Salatın Əsgərovanın erməni qatilləri tərəfindən qətlə yetirilməsinin 30 ili tamam oldu. Salatın Əsgərova şəhid olan zaman o vaxtkı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və Salatınkənd adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarımızın və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş edirik".

"Onu da əlavə edim ki, şəhid qəhrəmanımızın peşəkar jurnalist olan yeganə övladı 1 ildir işsizdir. Məncə, əlaqədar qurumlar bu məsələyə də biganə qalmamalıdır. Qeyd edim ki, Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə sabah Salatın Əsgərovanın 60 illik yubileyi ilə bağlı "Zoom" üzərindən bir sıra təşkilatların da iştirakı ilə konfrans keçiriləcək. Onlarla azərbaycanlı gəncə jurnalist fəaliyyəti yolunda böyük örnək olan Salatın xanımı bir daha rəhmət və sayğı ilə anırıq!", - Q.Paşayeva vurğulayıb.

Deputatdan Əməkdar artistlə bağlı çağırış: "Çox ağır vəziyyətdə kirayədə yaşayır"

Q.Paşayeva eyni zamanda, səhhəti ağır vəziyyətdə olan Əməkdar artist Novruz Qartalla bağlı müvafiq qurumlara çağırış edib.

"Novruz Qartal hər zaman bir sənətkar kimi ön cəbhələrdə əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhvələrini verib. Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır. Sosial maddi durumu çox çətindir. Bir neçə gün əvvəl onu ziyarət etdik. Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini 1 otaqlı da olsa, öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına, tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhvələr vermiş sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram", - deyə xanım deputat çıxışını tamamlayıb.

"Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur”

Deputat Razi Nurullayev isə təklif edib ki, Azərbaycanda yas mərasimlərin keçirilməsinə icazə verilsin. Nurullayev bildirib ki, onlarla insan ona müraciət edərək bu məsələni qaldırmağı xahiş edib: "Onlarla vətəndaş xahiş edir ki, yaslara da icazə verilsin. Toyların 150 nəfər olmaqla keçirilmsinə icazə verilib. Hesab edirəm ki, yas məclislərinin də 100-150 nəfər civarında keçirilməsinə icazə verilə bilər. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur”.

Müəllif: Anar Bayramoğlu