Paris Məhkəməsi sabiq Prezident barədə qərar verib
Liviya maliyyələşdirmə işi çərçivəsində aldığı 5 il həbs cəzası ilə əlaqədar oktyabrın 21-dən Parisdəki “La Santé” həbsxanasında saxlanılan Fransanın sabiq Prezidenti Nikola Sarkozi azadlığa buraxılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Paris Apellyasiya Məhkəməsi onun azadlığa buraxılması barədə qərar qəbul edib.
Sarkozi 70 yaşındadır və o, 25 sentyabr tarixində “cinayətkar dəstə ilə əlbir olmaq” ittihamı üzrə beş il müddətinə azadlıqdan məhrum edilib. Hökm verdikdən sonra dərhal həbsxanaya yerləşdirilməsi və hökmün dərhal icrası Fransada sabiq dövlət başçısı üçün tarixi presedent yaradıb.
Sarkozi hökmə etiraz olaraq apellyasiya şikayəti verib və iş yenidən baxılana qədər müvəqqəti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Cəmi 20 gün sonra məhkəmə onun xeyrinə qərar verib.
Fransa mediasının məlumatına görə, Sarkozi məhkəmə nəzarəti altında azadlığa buraxılıb. Bu o deməkdir ki, o azad olsa da, müəyyən hüquqi və davranış məhdudiyyətlərinə tabe olacaq.