Puşkinski rayonunun administrasiyası koronavirus məhdudiyyətlərini əsas gətirərək icmanın müraciətinə “yox” deyib
Sankt-Peterburqda Holokost qurbanlarının anım mərasiminin keçirilməsinə icazə verilməyib. AYNA xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı olan Sankt-Peterburq Yəhudi İcması Mərkəzi sosial şəbəkələrdə məlumat yayıb.
Mərasim oktyabrın 6-na planlaşdırılıb. Lakin Sankt-Peterburqun Puşkinski rayonunun administrasiyası koronavirus məhdudiyyətlərini əsas gətirərək icmanın müraciətinə “yox” deyib.
“Fontanka” nəşri xəbər verir ki, anım tədbirinin təsdiqindən imtinanı rayon administrasiyası rəhbərinin müavini Vladimir Lvov imzalayıb.
Yəhudi İcma Mərkəzi qurbanların xatirəsini ehtiramla yad etmək istəyən hər kəsi təkbaşına abidənin önünə gəlməyə, “xatirə şamı yandırmağa, dua oxumağa və ənənəyə görə, abidənin ətəyinə çınqıl qoymağa çağırıb”.
1941-ci ildə nasistlər tərəfindən məhv edilmiş Puşkin yəhudilərinin xatirəsinə həsr olunmuş matəm hər il oktyabrın birinci bazar günü Puşkin rayonunun mərkəzindəki kütləvi edamlar yerindəki “Kədər formulu” abidəsi önündə keçirilir. Bura Sankt-Peterburqun inzibati strukturuna daxildir.