Şahzadə Kaguya

İbrahim Nəbioğlu

26.04.2020 - 23:34

Kaguya şahzadələr kimi bənzərsiz gözəlliyə sahibdi...

 

Qədim zamanlarda Yaponiyada yaşlı ər-arvad yaşayırmış. Çox kasıb olan bu ailənin uşaqları yoxuydu. Bir gün evin kişisi bambuk çubuqları kəsmək üçün evdən çıxıb meşəyə gedir. Hər zaman kəsdiyi bölgəyə yaxınlaşanda bambukların arasında güclü bir parıltı görür. İşığa doğru gedəndə gözlərinə inanmır – körpə bir qız uşağı. Kimsə meşəyə uşaq buraxıb, qeybə çəkilmişdi.

 

Yaşlı adam çağanı alıb sevinclə evinə qayıdır. Arvadı ilə mutluluqdan uçurlar – artıq bir qız övladları var idi. Uşağa “İşıq saçan şahzadə” anlamına gələn “Kaguya” adını verirlər. Kaguya şahzadələr kimi bənzərsiz gözəlliyə sahibdi.

 

O gündən ailənin həyatı dəyişir, qəribə hadisələr baş verməyə başlayır. Adamın meşədə kəsdiyi hər bambukun içindən bir qızıl çıxır. Kaguya yaşlı insanlara uğur gətirir, hər çıxan qızıl kasıb insanlara kasıblığın daşını atdırırdı.

 

Zaman sürətlə keçir, ailə zəngin olur, Kaguya gənc bir qıza çevrilir, gözəlliyi dillərə dastan olur. Görən ona aşıq olurmuş. Ancaq o kimsəni istəmir, qapılarına gələn şahzadələri belə geri göndərirmiş. Xəbər gedir imperatorun qulağına çatır, maraq onu sarır, Kaguyanı görmək üçün qalxıb evinə gedir. Və görməsilə də ona aşıq olur.


 Kaguya imperatorun da evlilik təklifini qəbul etmir. İmperatorun əlindən bir şey gəlmir, kor-peşiman çıxıb gedir. Ancaq tez-tez gözəllər gözəlini ziyarətə gəlir və hər səfərində də evlilik təklifini təkrarlayır. O günlərdə Kaguya çox üzüntülüdür, gecələr göy üzünə baxınca qəm-qüssəsi artır, Ayı görüncə isə hönkür-hönkür ağlayır.

 

Ailəsi qızın dərin kədərinin səbəbini israrla soruşur. Kaguya uzun zamandır gizli tutduğu sirri söyləməyə məcbur qalır. O, bu dünyadan deyil, Aydan gəlib. Uzun illər əvvəl ailəsi onu qorumaq üçün Dünyaya buraxıb. Ancaq artıq Aya geri dönməlidir. Ay təqviminə görə 8-ci ayın 15-də Aya gedəcək, üzülməsi də Dünyadan ayrılmağa məcbur qaldığındandır.

 

Ayrılıq günü gəldiyində Kaguya yaşlı ər-arvadı gözləri yaşlı buraxır, Aya uçur və bir daha da geri gəlmir.

 

Dünyanı tərk edərkən imperatora ölümsüzlük eliksiri qoyur. Möcüzəvi suyu imperatora çatdırırlar, ancaq o, sonsuz həyat istəmədiyini söyləyir, eliksiri böyük dağa tökdürür. Dağ  ölümsüzləşir, ona Fudzi adı verirlər. Fudzi yaponca “ölümsüzlük” deməkdir (Fudzi və ya Fudziyama Tokiodan 90 km aralıda yerləşən yaponların müqəddəs saydıqları dağdır. O, Yaponiyanın simvoludur)…

 

***

 

Minillərdir incə ruhlu, gözəllik aşiqi yaponlar bu nağılın təsirindən qurtula bilmirlər. Hər şeydə bir məna, mükəmməllik, fəlsəfi yük tapan yapon xalqı əsrlərdir bu nağılın qəhrəmanını arayır. Kaguya sevgisi Yaponiyada yüzlərlə hekayə, roman, bədii filmin yaranmasına səbəb olub. Hər il Ay təqvimi ilə 8-ci ayın 15-i ölkədə festival keçirilir…

 

***

 

Yaponiyanın Aero-kosmik Araşdırmalar Agentliyi (JAXA) 2007-ci ilin 14 sentyabr tarixində Yosinobu kosmodromundan göylərə iki peyk daşıyan kosmik aparat göndərdi. O günü Ay təqvimi ilə 8-ci ayın 15-inə saldılar. Xalqın seçimi ilə aparata “Kaguya” adı verildi.

 

Amerikanın əfsanəvi “Apollon” proqramından sonra “Kaguya” kosmik aparatı Ay araşdırmalarına yeni təkan verdi. Məhz bu yeni səhifədən sonra Çin “Change”, Hindistan “Chandarayan”, ABŞ isə “Lunar” proqramlarına start verdi.

 

“Kaguya” Aydan Yer kürəsinə xeyli maraqlı elmi material və fotolar göndərdi. Sanki “Kaguya” ata-anasına Aydan salam göndərirdi…

 

***

 

2007-də “Kaguya” kosmik aparatından Rstar və Vstar peykləri ayrıldı. Onlara “Okina” və “Oyuna” adları verildi. Okina və Oyuna Kaguyanı böyüdən yaşlı ər-arvadın adlarıdır…

 

— Etdiyim hər şey sənin mutlu olmağın üçündür

 

— Daşınması ağır bir yükdü o mutluluq.

Müəllif: İbrahim Nəbioğlu