Sahibə Qafarova Aleksandr Lukaşenko ilə yüksək səviyyəli əlaqələrin rolunu müzakirə edib

Xəbərlər

11.06.2024 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti
 
Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Bu barədə AYNA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Prezident Aleksandr Lukaşenko Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayaraq, bu səfərin parlamentlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan strateji münasibətlər uğurlu inkişaf yolu keçib.

Aleksandr Lukaşenko Belarusda, xüsusən də ölkəsinin faşist işğalçılarından azad edilməsinin 80 illiyinin qeyd olunduğu bu günlərdə azərbaycanlıların Qələbəyə və Belarus torpaqlarının azad edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini və onların şücaətlərini xatırladıqlarını qeyd edib.

Söhbət zamanı Prezident Aleksandr Lukaşenko Azərbaycana ötən ay baş tutmuş səfərini böyük məmnuniyyətlə xatırlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndirib. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çox uzaqgörən, qüdrətli bir şəxsiyyət olduğunu, Prezident İlham Əliyevin Ulu öndərin layiqli davamçısı olduğunu söyləyib. "O, o qədər iş görüb ki, çətin ki, İlham Əliyevdən sonra hansısa prezident bunu təkrar etsin", - deyə Belarusun dövlət başçısı qeyd edib.

Belarus Prezidenti Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərimizə də baş çəkdiyini xatırladaraq, Şuşanın iqlimini və təbii gözəlliyini xüsusi qeyd edib. "Əminəm ki, siz bu ərazilərdə həyatı bərpa etməklə daha bir uğura imza atacaqsınız və biz bu işdə məmnuniyyətlə iştirak edəcəyik", - deyə Belarus lideri vurğulayıb.

Aleksandr Lukaşenko həmçinin, iki ölkənin parlamentləri arasında əlaqələrin səviyyəsindən də razılıq ifadə edərək, deyib ki, parlamentlərarası münasibətlər dövlətlərimiz arasında münasibətlərin mövcud səviyyəsindən geri qalmır.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyədə qonaqpərvərliyə və ölkəmiz haqqında xoş sözlərinə görə, Belarus Prezidentinə minnətdarlığını bildirərək, Prezident İlham Əliyevin salamlarını Belarus Prezidentinə çatdırıb.

Prezident Aleksandr Lukaşenko onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Spiker Sahibə Qafarova qeyd edib ki, xalqlarımızı ənənəvi dostluq əlaqələri, ümumi dəyərlər birləşdirir və ölkələrimiz arasında münasibətlər dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə uğurla inkişaf edir. O, bu əlaqələrin inkişafında iki ölkənin dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli əlaqələrin rolunu xüsusi vurğulayıb. Sahibə Qafarova, Prezident İlham Əliyevin Belarus Respublikasına 2018-ci ildə həyata keçirilən rəsmi səfərinin, o cümlədən, Prezident Aleksandr Lukaşenkonun ötən ay Azərbaycana dövlət səfərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin münasibətlərimizə xüsusi təkan verdiyini bildirib.

Milli Məclisin sədri, bu münasibətlərin parlamentlər çərçivəsində də uğurla davam etdirilməsinin vacibliyini qeyd edib. O, qanunvericilik orqanlarımızın, həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, bu sahədə mövcud olan potensial barədə də fikirlər ifadə olunub. Belarus Prezidentinin Azərbaycana səfəri zamanı əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının, bir çox sahələr üzrə əlaqələrin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıldığı bildirilib. Bunun üçün parlamentlərin də müvafiq qanunvericilik bazasının yaradılması istiqamətində fəaliyyət göstərməsinin önəmi vurğulanıb.

Müəllif: Ayna.az