Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir
Yanvarın 6-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısından zəifləyəcək.
Gecə 5-8 dərəcə isti, gündüz 9-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% olacaq.
Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.