150-dən çox partiya üzvü və fəalları sabiq Prezidentin azad edilməsi tələbi ilə aclıq aksiyası keçirirdilər
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndələri liderləri, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin azadlığı tələbi ilə keçirdikləri aclıq aksiyasına son qoyublar. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə partiyanın sədri Nika Melia deyib.
Qeyd edək ki, 150-dən çox partiya üzvü və fəalları Saakaşvilinin azad edilməsi tələbi ilə aclıq aksiyası keçirirdilər.
"Dünən axşam Saakaşvilinin vəkili eks-prezidentin aclıq edənlərə sözlərini çatdırdı. Liderimiz aclığı dayandırmağı xahiş edir, əks halda özünün aclıq aksiyasına başlayacağını deyir”, - Melia jurnalistlərə bildirib.
Qeyd edək ki, Saakaşvili ötən il oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Bundan əvvəl keçmiş Prezident bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Qelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Bundan başqa, o, 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” teleşirkətinin soyğunçuluğu və dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində iştirakda ittiham olunur. Bu işlərə hələ də məhkəmələr tərəfindən baxılır. Gürcüstan hakimiyyəti Saakaşvilini azad etməkdən imtina edir. Baş nazir İrakli Qaribaşvili bildirib ki, sabiq Prezident uzun müddət həbsdə qalacaq.