“Rusiyanın toxunulmazlığı haqda miflər əriyir”

Aktual

25.08.2023 - 18:12

Mübariz Göyüşlü: “Priqojin ideoloji lider deyildi ki, onun ölümündən sonra Putinə qarşı müqavimət olsun”

““Vaqner” özəl hərbi təşkilatının yaradıcısı və rəhbəri Yevgeni Priqojinin ölümü hələ bir müddət də Rusiya və dünyanın gündəmində olacaq. Onun iyunda Rusiyada qiyam qaldırması, paytaxta doğru hərbi yürüş etməsi, sonradan Moskavaya yürüşdən vaz keçməsi, təyyarədə partlayıb ölməsi özündə bir çox müəmmalı məqamları daşıyırdı”.

Bu fikirləri AYNA-ya şərhində Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

O, bu hadisəni sıradan bir partlayış hesab etmir: “Çünki Priqojin sıradan bir şəxs deyildi. İxtiyarında böyük bir hərbi təşkilat olan bu şəxs Ukrayna müharibəsində çox böyük fəallıq göstərməsi nəticəsində Rusiyanın üstünlük əldə etməsinə nail olan şəxslərdən idi. Onun birdən-birə Rusiya Müdafiə Nazirliyinə, həm də elə birbaşa Prezident Putinə qarşı qiyam qaldırması çox gözlənilməz olmuşdu. Qiyamı qəfildən sonlandırması isə ondan da gözlənilməz olmuşdu”.

“Sonradan verilən şərhlərdə bütün hadisələrin Putin tərəfindən planlaşdırdığı ilə bağlı fikirlər daha çox dəstək qazanmaqda idi. Nəhayət, bugünlərdə Priqojinin ölməsi, yaxud öldürülməsi hadisələrin planlaşdırılmasında və gerçəkləşdirilməsində Kremlin ciddi şəkildə iştirakı fikrini gündəmə daşıdı”, - deyə həmsöhbətimiz bildirib.

Göyüşlü xatırladıb ki, ABŞ və bir sıra Qərb dövlətlərinin analitikləri Priqojinin olduğu təyyarənini qəzaya düşməsində artıq Rusiya Prezidentini ittiham edirlər: “Bundan sonra qeyri-adi bir hadisənin baş verəcəyini gözləmirəm. Çünki Priqojin ideoloji lider deyildi ki, onun ölümündən sonra da Putinə qarşı müqavimət olsun. Bu müəmmalı qiyam, onun liderinin qəfil ölümü bir müddət də müzakirə olunub sonradan unudulacaq. Çünki Priqojin çox mənfi imicli bir şəxs idi. Bəziləri onu hətta muzdlu qatil adlandırmaqdan da çəkinmirdi”.

“Sadəcə olaraq həm bu qiyamın baş verməsi, həm Ukraynanın ara-sıra Rusiya ərazilərinə hücumlar həyata keçirməsi, həm də Rusiyanın təsir zonasında olan ərazilərdə baş verən hadisələr Rusiya haqqında mifi dağıtmaqdadır. Rusiyanın, Moskvanın, Rusiya ərazilərinin toxunulmaz olması haqqında fikirlər əriyir. Bu isə Rusiyanın regional və qlobal gücünə, onun nüfuzuna ciddi şəkildə zərbədir. Baş verənlər gələcəkdə də Kreml əleyhinə çıxmaq istəyənlərə xüsusilə həvəsləndirə və şimal qonşumuzda yeni gərginliklər yarada bilər”, - deyə analitik vurğulayıb.

Xatırladaq ki, avqustun 23-ü axşam saatlarında Rusiyanın Tver vilayətində "Embraer" təyyarəsi qəzaya uğradı. "Rosaviasiya" məlumat yaydı ki, qəza nəticəsində göyərtədə olan 10 sərnişinin hamısı ölüb. Onlardan 3-ü ekipaj üzvü olub.

Məlumata görə, təyyarə Moskvanın Şeremetovo hana limanından havaya qalxıb və istiqamət Sankt-Peterburq olub. Qəza Kujenkino kəndi yaxınlığında baş verib.

Sonrakı məlumatlardan aydın oldu ki, qəzaya uğrayan təyyarə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus olub. Rəsmi şəkildə açıqlandı ki, təyyarədə olan 7 sərnişindən biri Priqojinin özü olub. Və cəsədlərdən birinin Priqojinə aid olduğu rəsmi təsdiqləndi.

Müəllif: İsmayıl Məmmədli