Sənətçinin Rusiyaya girişinə 50 illik qadağa qoyulub
50 illik ölkəyə girişi qadağan edilən stand-up komediyaçısı Nurlan Saburovun Rusiyada 50-dən çox konserti ləğv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.
Komediya ustasının mart ayında Rusiyanın beş şəhərinə qastrol səfəri planlaşdırdığı bildirilirdi. Onun Çelyabinsk, Zlatoust, Maqnitoqorsk, Orsk və Orenburqda çıxış etməsi planlaşdırılırdı. “Shot”un məlumatına görə, əlavə olaraq daha 48 konsert elan edilmişdi.
Ümumilikdə, Saburovun 53 çıxışı ləğv edildi. Onun konsertinin biletlərinin qiyməti 1700 ilə 7500 rubl arasında idi.
Daha əvvəl Dubaydan Moskvaya gələn və giriş qadağasından xəbər tutan Saburovun Qazaxıstana uçacağı bildirilib. Onun BƏƏ-yə ödənişsiz deportasiya olunmaqdan imtina etdiyi vurğulanıb.
Fevralın 6-da Saburovun Rusiyaya girişinə 50 il qadağa qoyulduğu açıqlanıb. O Dubaydan gələrkən Moskvanın Vnukovo hava limanında təhlükəsizlik yoxlaması zamanı saxlanılıb. Komediyaçının ölkəyə girişinə qadağa qoyulması qərarı onun Rusiya immiqrasiya və vergi qanunlarını pozması, eləcə də Ukraynadakı xüsusi əməliyyatı tənqid etməsi ilə izah edilib.