Ombudsman: “Böyük mübadilə ilə bağlı hələlik heç bir razılaşma əldə olunmayıb”
Rusiya və Ukrayna hərbçiləri hərbi əsirlərin “böyük mübadiləsi” ilə bağlı danışıqlar aparır. Lakin hələlik razılıq əldə olunmayıb. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova deyib.
“Böyük mübadilə ilə bağlı hələlik heç bir razılaşma əldə olunmayıb. Bilirsiniz ki, mən iki siyahı dərc etmişəm. Biri 900 nəfərlik, digəri 600 nəfərlikdir. Bu siyahını Ukrayna tərəfinə göndərmişik və əsirləri geri verməyə hazırıq. Və Ukraynadan eyni sayda hərbi əsirin verilməsini gözləyirik. Hərbçilər bununla bağlı danışıqlar aparır”, - Moskalkova qeyd edib.
Onun sözlərinə görə, o, Ukrayna ombudsmanı ilə hər iki müharibə edən tərəfdəki hərbi əsirlərə isti paltar və qohumlarının məktubları olan bağlamaların çatdırılması ilə bağlı danışıqlar apara bilib.