Mülki əhali arasında xəsarət alan və ölən yoxdur
Rusiya ordusu Xarkov vilayətinin üç rayonunu atəşə tutublar. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Xarkov Vilayət Hərbi İdarəsinin rəisi Oleq Sinequbov deyib.
Onun sözlərinə görə, son sutka ərzində Rusiya ordusunun vilayəti atəşə tutması nəticəsində mülki əhali arasında xəsarət və ölüm faktı qeydə alınmayıb.
“Düşmən gün ərzində Xarkov vilayətinin Kupyanski, Xarkov və Çuqevski rayonlarının təmas xəttinə və Rusiya Federasiyası ilə sərhədə bitişik ərazilərini atəşə tutmaqda davam edib”, - deyə Sinequbov bildirib.
Qeyd edək ki, Ukrayna ordusunun avqustun sonunda başlayan əks-hücum əməliyyatı nəticəsində Xarkov vilayətinin demək olar ki, bütün ərazisi işğaldan azad edilib.
Oktyabrın 31-də Rusiya ordusu Xarkov və vilayətin Çuqevski rayonuna hücuma keçdi. Kritik infrastruktur obyektlərinə ziyan dəyib. İlkin məlumata görə, ruslar S-300 raketləri ilə Belqoroddan Xarkov vilayətini vurub.