Rusiya ordusu Şoyquya yaxın şəxslərdən “təmizlənir” – Daha bir general həbs olunub

Dünya

23.05.2024 - 15:42

Rusiya Baş Qərargah rəisinin müavini Vadim Şamarin külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.

“Mayın 22-də Şamarina barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət Məcəlləsinin 290-cı (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb”, - deyə Hərbi Məhkəmədən bildirilib.

Bu maddənin 6-cı hissəsində səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulur.

Bundan əvvəl “Kommersant”ın hüquq-mühafizə orqanlarındakı həmsöhbəti bildirib ki, generalın evində axtarış aparılıb, bundan sonra Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

Şamarin 2021-ci ildən bu vəzifəni icra edir. 1992-ci ildən rabitə strukturlarında xidmət edib, radio mərkəzində uzaqdan idarəetmə tağımının komandirliyindən Uzaq Şərq Hərbi Dairəsinin rabitə briqadasında rabitə mərkəzinin rəisi vəzifəsinə qədər yüksəlib. Rusiyanın II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov həbs ediliblər. Onlar xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunurlar. Həmçinin Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov dələduzluq işi üzrə həbs edilib.

Həbslər müdafiə naziri Sergey Şoyqunun istefası və Baş nazirin keçmiş birinci müavini Andrey Belousovun bu vəzifəyə təyin olunması fonunda baş verir. “Forbes”in Rusiya Müdafiə Nazirliyinə yaxın mənbəsi həbsləri “Şoyquya yaxın şəxslərin təmizlənməsinin” başlanğıcı adlandırıb.

Öz növbəsində “The Financial Times”ın həmsöhbətləri iddia ediblər ki, bütün bunlar Rusiya Prezidenti Vladimir Putinin şəxsi göstərişi ilə baş verir. Bildirilir ki, Putin “Vaqner” rəhbəri Yevgeni Priqojinin ölümündən sonra mövqeləri möhkəmlənən Şoyqunu zəiflətmək qərarına gəlib. Mənbələr deyirlər ki, Putin öz elitasındakı hər hansı bir fraksiyanın həddən artıq nüfuz qazanmasından ehtiyat edir, lakin o, korrupsiya ilə bağlı “xüsusilə narahat deyil”.

Müəllif: Turan Abdulla