Darnitski rayonunda dağıntılar altında axtarış-xilasetmə işləri davam edir
Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, paytaxtın Darnitski rayonunda dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.
Hadisə yerində psixoloqlar və Ukrayna Fövqəladə Hallar Xidmətinin üç kinoloji qrupu fəaliyyət göstərir.
Nəticələrin aradan qaldırılmasına ümumilikdə 170-ə yaxın xilasedici və 51 texnika cəlb olunub. Mütəxəssislər dağıntılar altında qala biləcək şəxslərin axtarışını davam etdirirlər.
Kiyev meri Vitali Kliçko bildirib ki, ölənlər arasında 15 yaşlı qız da var. Onun sözlərinə görə, zərbə nəticəsində 57 nəfər yaralanıb.
Hazırda 27 yaralının paytaxt xəstəxanalarında stasionar müalicə aldığı qeyd olunur.