Rusiya hakimiyyəti rus hərbçilərin torpaqlarımızın işğalında iştirakını etiraf etdi - VİDEO

Aktual

31.03.2022 - 18:51

Baş verənlər Azərbaycan ictimaiyyətini dərin düşüncələrə sövq edir

Rusiyanın gözə az dəyən əyalət şəhərində - Yuqorskda (Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqra) 2019-cu ilin may ayında “Hərbi Şöhrət” Memorial Kompleksinin ikinci mərhələsinin açılışı olub. Memorialın ikinci mərhələsi - süjeti Vətəndən kənarda hərbi borcunu yerinə yetirərkən həlak olmuş beynəlmiləlçi əsgərlərin xatirəsinə həsr olunmuş tunc barelyefli qranit divardır.

Qeyd edək ki, Yuqorskda “Hərbi Şöhrət” memorialının tikintisi ilə bağlı qərar 2014-cü ilin aprelində verilib. İdeya “Qazprom Transqaz Yuqorsk”un baş direktoru Pyotr Sozonova məxsusdur. İctimai dinləmələr zamanı bu təşəbbüs Yuqorsk şəhərinin administrasiyası, şəhər Veteranlar Şurası, “Yüksəliş”, “Döyüş Qardaşlığı”, “Əfqanıstan Veteranları İttifaqı” ictimai təşkilatlarının nümayəndələri və şəhər gəncləri tərəfindən dəstəklənib.

Sovet xalqının Böyük Vətən müharibəsində göstərdiyi şücaətə həsr olunmuş “Hərbi Şöhrət”in birinci mərhələsi 2015-ci il mayın 8-də Qələbə Gününün 70 illiyi ərəfəsində açılmışdı. Memorialın ikinci mərhələsi isə bürünc barelyefli qranit divardır, onun süjeti lokal müharibələr zamanı həlak olmuş rus beynəlmiləlçi əsgərlərinin xatirəsinə həsr olunub.

Memorialın bu hissəsində ən diqqətçəkən cəhət ondan ibarətdir ki, burada Azərbaycan və Ermənistan kimi dövlətlərin də adları var. Xatirə lövhəsinin müəlliflərinin fikrincə, Rusiya hərbçiləri bu ölkələrdə də öz beynəlmiləl borclarını yerinə yetiriblər. Eyni zamanda, Azərbaycan adının yanında tarixlər - 1992-1995, Ermənistan adının yanında isə 1992-ci illər göstərilir.

Bu tarixlər Azərbaycanla Ermənistan arasında Birinci Qarabağ müharibəsi dövrünə təsadüf edir. Yəni memorial müəllifləri bu müharibədə rus hərbçilərinin də iştirak etdiyini demək istəyirlər.

Rusiya ordusunun Azərbaycan torpaqlarının işğalında fəal iştirak etməsi ilə bağlı çoxlu faktlar var. Bunu 1992-ci il fevralın 26-da erməni silahlılarının keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının (o zaman rəsmi olaraq MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin tərkibində olan) bilavasitə iştirakı ilə dinc əhalinin qətlə yetirilməsi ilə sonlanan Xocalı şəhərinə yeridilməsi zamanı baş vermiş qanlı hadisələr sübut edir.

Rusiyalı ictimai xadim və jurnalist Aleksandr Nevzorov Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan rayonlarının işğalında əsas Rusiya ordusunun Pskov 76-cı desant-hücum diviziyasının xidmətlərinin olduğunu qeyd edib.

Yuqorskda memorialın açılışı isə onu deməyə imkan verir ki, bu memorialla Rusiya hakimiyyəti Rusiya hərbçilərinin Ermənistan tərəfində Azərbaycan torpaqlarının işğalında iştirak etməsi faktını tanıyıb.

Bundan başqa, İkinci Qarabağ müharibəsi zamanı Rusiya Ermənistanı aktiv şəkildə silahla təmin edib, Rusiya vətəndaşları Azərbaycan ordusuna qarşı döyüşmək üçün döyüş bölgəsinə gəliblər. Heç onu demirik ki, o vaxt Rusiya mətbuatı Azərbaycan əleyhinə çılğın təbliğat aparırdı.

Hazırda Fərrux kəndi ətrafında baş verən son hadisələr fonunda Rusiya Müdafiə Nazirliyi Azərbaycanı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarını pozmaqda ittiham edir. Baxmayaraq ki, bu öhdəliklərə - Qarabağ separatçılarının tərksilahına və Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının yaşayış zonasından çıxarılmasına cavabdeh olan Rusiyanın özü tərəfindən məhəl qoyulmur.

Bütün bunların fonunda Rusiya artıq iki il əvvəl üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu bir vaxtda Yuqorskda memorialın mövcudluğu Azərbaycan ictimaiyyətini müəyyən düşüncələrə sövq edir...

Müəllif: Asif Aydınlı