Cinayət işi sərhədi qanunsuz keçmə maddəsi ilə başlanıb
Rusiya FSB CNN-nin jurnalisti Nik Peyton Uolş və Kursk vilayətinin Sudja bölgəsində reportajlar hazırlayan iki ukraynalı jurnalistə qarşı cinayət işi açıb. AYNA xarici mediaya istinadən bildirir ki, cinayət işi sərhədi qanunsuz keçmə maddəsi ilə başlanıb.
Kəşfiyyat xidməti xarici jurnalistlərin qeyri-qanuni çəkiliş apardığını iddia edir. Onları 5 ilə qədər həbs gözləyir. Söhbət Uolşdan başqa, “Hromadske”nin müxbirləri Oles Borovik və Diana Butskodan gedir. FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi əlavə edib ki, jurnalistlər beynəlxalq axtarışa veriləcək.
RBC nəşri qeyd edir ki, Nik Uolş Kursk vilayətində Ukrayna hərbçilərinin nəzarəti altında olan Rusiya nəzarət-buraxılış məntəqəsinə baş çəkib, Borovik və Butsko isə şəhərin özünə daxil olublar.
Bundan əvvəl FSB Sudjada işləyən italyan RAI jurnalistləri Simoni Traini və Stefani Battistiniyə qarşı cinayət işinin başlandığını elan edib. Daha sonra Rusiya Xarici İşlər Nazirliyi bu hadisələrlə bağlı İtaliyaya etirazını bildirib. Agentlik jurnalistlərin Rusiya qanunvericiliyini və “jurnalist etikasının elementar qaydalarını” pozduğunu bildirib. Daha sonra RAI yayımı jurnalistləri “təhlükəsizliyi və şəxsi mühafizəsini təmin etmək” üçün İtaliyaya geri çağırıb.