Rəsmi Tiflisdən Moskvaya ittiham: “İşğal davam edir”

Dünya

08.08.2024 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstan XİN Rusiyanı atəşkəs razılaşmalarını yerinə yetirməməkdə ittiham edib

2008-ci ilin avqust müharibəsindən 16 il sonra Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı atəşkəs razılaşmasına əməl etməməkdə ittiham edib və qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırıb. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Rusiya Federasiyası 16 ildən sonra belə Gürcüstanın ayrılmaz regionlarını - Abxaziya və Sxinvali bölgəsinin işğalını davam etdirir. Biz Rusiya Federasiyasını Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq. 12 avqust 2008-ci il tarixli atəşkəs sazişinə əsasən, Rusiya öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmalı, işğal olunmuş ərazilərdə insan hüquqlarının kobud şəkildə pozulmasını dayandırmalı, habelə məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmasının qarşısını almamalıdır”, deyə bəyanatda bildirilib.

XİN Rusiyanın işğal olunmuş rayonlarda təhlükəsizliyə və humanitar vəziyyətə mənfi təsir göstərən “dağıdıcı hərəkətlərini” sadalayıb:

rus hərbi bazalarının olması;

işğalçı qüvvələr tərəfindən müntəzəm olaraq keçirilən hərbi təlimlər;

işğal xəttində süni maneələr;

mülki şəxslərin öldürülməsi və qanunsuz həbsi;

gürcü əhalisinə qarşı etnik ayrı-seçkilik;

beynəlxalq təşkilatların girişinə və beynəlxalq təhlükəsizlik mexanizmlərinin yerləşdirilməsinə mane olmaq.

Rəsmi Tiflis qeyd edir ki, eyni zamanda, Rusiya işğal etdiyi regionları öz sisteminə - siyasi, hərbi, iqtisadi və sosial - inteqrasiya etməyə çalışır. Bu, yerli əhalinin Gürcüstanın qalan hissəsindən və beynəlxalq ictimaiyyətdən təcrid olunmasına gətirib çıxarır.

XİN Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətinə sadiqliyini bir daha təsdiqləyir. Bəyanatda deyilir ki, beynəlxalq tərəfdaşların dəstəyi ilə Gürcüstan hakimiyyəti “diplomatik və hüquqi vasitələrdən istifadə edərək işğalın aradan qaldırılmasını təmin etməyə” və “işğal xətləri ilə bölünmüş cəmiyyətlər arasında etimadı bərpa etməyə və ümumi Avropa gələcəyini qurmağa çalışır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş