“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
AYNA-nın məlumatına görə, XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır: “Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək”.
Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb. AYNA xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində məlumat verib. “Azərbaycana gəlirdim. Rusiyanın Domodedovo şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar. Səhər məhkəmə qarşısına çıxarılacağam”, - o deyib.
K.Zeynallı bildirib ki, o, ötən ilin mayından axtarışa verilib: “Lakin maydan indiyədək 3-cü dəfədir, Rusiyaya gəlib-gedirəm, indi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm, inşallah yaxşı olar”.