Publisist: “Humanistlik, sülhsevərlik yaxşıdır, amma onun da bir sərhədi var”
Ermənilərlə olan savaşımız bitməyib, yenidən alovlanmış müharibə bu gün şiddətli döyüşlərlə davam edir. Təbii ki, müharibə gedirsə, itkilər də olacaq, ağrılar-acılar da. Biz isə elə bir düşmənlə üz-üzəyik ki, atəşkəs dönəmində də dinc dayanmır, hərbçilərimizdən çıxa bilmədikləri heyfi mülki əhaliyə silah tuşlamaqla almağa çalışır.
Həmin mülki əhalinin - yaralananların, ölənlərin arasında uşaqlar, qadınlar da var. Bununla da Xocalı soyqırımını şahidlərin dilindən eşidən, kitablardan oxuyan bugünkü nəsillərə də özləri bəyan etmiş olurlar ki, “bəli, Xocalı soyqırımını da biz eləmişik, bu gün Gəncə, Tərtər, Bərdə və s. rayonlarda baş verən qətliamları da biz törədirik”.
Biz səbrli xalqıq, 30 il səbr etmişik, bu gün də ermənilərə humanistlik göstəririk. Bəs, əvəzində nə ilə qarşılaşırıq? Humanitar atəşkəs elan olunduğu bir zamanda, gecə saat 2-də Ermənistan ordusu Gəncədə yaşayış binasını raket atəşinə tutur və onlarla mülki əhali dağıntılar altında qalaraq yaralanır, neçə-neçə insan ölür və təbii ki, yenə də bunların arasında uşaqlar, qadınlar da var. Azərbaycan Ordusu isə haqq-hesabı erməni xalqı ilə yox, ordusu ilə aparır.
2012-ci ildə britaniyalı jurnalist və yazar, Qafqaz, xüsusilə də Qarabağ münaqişəsi üzrə mütəxəssis “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabının müəllifi Tomas de Vaal, Ermınistanın o zamankı Prezidenti Serj Sarkisyanın müsahibəsini yaymışdı. Belə ki, jurnalistin 2003-cü ildə çap olunan kitabında, o vaxtlar Ermənistanın Müdafiə naziri olan Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı müəllifə verdiyi müsahibədən fikirləri də öz əksini tapıb. Sözügedən müsahibədə Sarkisyanın Xocalı soyqırımının erməni qüvvələri tərəfindən qəsdən törədildiyinə dair etirafları öz əksini tapıb.
Təbii ki, kitab çap olunduqdan sonra Ermənistan Tomas de Vaalı qəsdən saxtakarlıq etməkdə ittiham edir, qərəzli yanaşma sərgiləməkdə qınayırdı. Müəllif Xocalı soyqırımının 20-ci ildönümündə - 2012-ci ildə Ermənistanın bu iddiallarına konkret sübutla cavab vermişdi: “Hər il məni Xocalıdakı qətliam və Sarkisyanın kitabımda yer alan sözləri ilə bağlı müsahibə vermək üçün mühasirəyə alırlar. Bu il Xocalının 20 ilinin tamam olduğu bir vaxtda mən qərara aldım ki, ən yaxşısı, Sarkisyanın rusca verdiyi müsahibənin tam stenoqramını yaymaq və onun dediklərini tam kontekstdə təqdim etməkdir”.
Həmin müsahibədə Serj Sarkisyan öz dili ilə Xocalı soyqırımını törətdiklərini belə etiraf edir: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.
Hazırda Azərbaycan Ordusu öz torpaqlarını erməni işğalından azad etmək üçün düşmənlə savaşır. Müharibənin əzabını ön cəbhədə hərbçilərimiz çiyinlərində daşıyarkən, arxa cəbhədə də onların ana-bacıları, həyat yoldaşları, övladları, yaxınları bu yükün altına onlarla birlikdə girirlər. Müharibə bizə torpaqlarımızı qazandırır, əvəzində yeri gələndə, əzizlərimizin canlarını, sağlamlıqlarını alır, travmalar yaşadır.
Təbii ki, 30 il sülh danışıqlarına gedən tərəf olaraq Azərbaycan bütün bunlardan yan keçməyə çalışırdı. Bu problemin danışıqlarla həll olunmasına səy göstərirdi, lakin göründüyü kimi, Ermənistan bu danışıqları hər vəchlə heçə sayaraq müharibəni yenidən alovlandırdı. Nəzərə alsaq ki, müharibə biz tərəfdən Vətən torpağı, xalq olaraq milli heysiyyətimiz uğrunda aparılır, bu halda indi humanist hisslərə, sülh düşüncələrinə qapılmağın yeridirmi?
“Məni hüquq müdafiəçisi kimi qınasınlar...”
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı AYNA-ya açıqlamasında deyib ki, sülhün müəyyən bir həddi var, o həddə qədər dözmək mümkündür: “Sülh bir il gözlənər, iki il gözlənər, amma 30 ilə yaxın sülh gözlənilməz. Bu sülh qərəzli, torpağa basqı sülhü olub. 28 il bundan əvvəl anadan olan uşaqlar torpaqları haqda müəyyən təsəvvürə malik deyillər, onlar torpaqları haqda sadəcə televizordan eşidiblər ki, torpaqlarının 20%-i əsarətdədir, Bu işğalı görməyənlər var. Bu vəziyyətdə hansı insan haqlarından danışmaq olar?”.
“Mən 25 ildən artıqdır ki, hüquq müdafiəçisiyəm. Kimsə mənə deyə bilər ki, insan hüququnu qoruyan bir təşkilatın rəhbəri kimi sən necə sülhə qarşısan? Bəli, mən hazırda sülhə qarşıyam, çünki mənim torpağımda – cəbhə xəttindən uzaqda 206 nəfər yaralanıb, 42 nəfər ölüb. Onların arasında qadınlar, uşaqlar var. Məgər onların haqqı yoxdur?! İnsan doğulanda haqqı ilə doğulur. O haqq hansısa bir aqressor, hərbi cinayətkar tərəfindən verilən komanda əsasında pozulursa, buna necə göz yummaq olar?! Buna görə də sülhə sülhlə, müharibəyə də müharibə ilə cavab vermək lazımdır. Necə deyərlər, hər kəsin anladığı bir dil var. Danışmayana “dili yoxdur” deyərlər. Bu vaxtacan Azərbaycan humanistlik edib, sülpərvərlik göstərib. Lakin sülhün də bir həddi var və o hədd çoxdan keçilib. Biz hələ gecikmişik, 10-15 il əvvəl torpaqlarmızı azad etmək haqda düşünürdük”, - müsahibimiz bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistanın atəşə tutduğu ərazilərə fikir versək, görərik ki, onlar bu gün də özlərinin müəyyən maraqlarını qoruyur və bunu da bu cür yolla ifadə edirlər: “Onların torpaqlarımızı öz xoşları ilə boşaltmaq fikirləri yoxdur, əksinə tutduqları əraziləri artırmaq məqsədi ilə dinc əhalini atəşə tuturlar. Mənə belə sülh lazım deyil, qoy buna görə məni hüquq müdafiəçisi kimi kimsə qınasın, iradını bildirsin, amma mən belə sülhə nifrət edirəm, tərəfdarı deyiləm. Qurbanlar verilmiş sülhə nifrət edirəm!”.
“Bu gün Rusiya KİV-lərində Azərbaycan əleyhinə, Azərbaycana şər atan, Azərbaycan xalqını ləkələyən verilişlər gedir. Sülhə qarşı çıxanlar, aqressorlar həmin insanlardır. Aqressora, hərbi cinayətkara, terrorçuya dəstək verən ölkə, qurum, beynəlxalq təşkilatlar və s. onlar özləri də aqressorlardır. Əgər sən aqressora dəstək verirsənsə, sən də elə aqressor sayılırsan. Bu gün insan hüquqlarını pozan Ermənistan və ona dəstək verən qüvvələrdir”, - deyə Qəhrəmanlı fikrini yekunlaşdırıb.
“Humanistliyin də bir həddi var”
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini müəllimi, publisist Qərənfil Dünyaminqızı da AYNA ilə söhbətində, qarşımızda mənəviyyatsız bir düşmən dayandığını qeyd edib: “Ermənilər və onların havadarları heç vaxt qəbul etməyiblər, indi də qəbul etmirlər ki, haqq bizim tərəfdədir, biz öz torpağımızı azad etmək uğrunda savaşırıq. Bizim şanlı ordumuz, əsgərlərimiz, zabitlərimiz Vətən, torpaq, namusları uğrunda canlarından keçirlər. Rütbəsindən asılı olmayaraq, ön cəbhədə çiyin-çiyinə savaşırlar. Tarixən biz humanist xalqıq, amma hər şeyin də bir sərhədi var. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadədən üzü bəri bir çox klassiklərimizin hər biri Dağlıq Qarabağ, erməni-müsəlman məsələsi ilə bağlı yetərincə yazıb və sonda da bizim bu qədər humanist olmağımızın gərəksizliyini vurğulayıb”.
“Humanistlik, sülhsevərlik yaxşıdır, amma hər şeyin də bir sərhədi var. Biz heç kəsi gedib evindən, torpağından qovmuruq, biz işğal edilmiş öz torpağımızı azad etmək uğrunda savaşırıq. Özüm 90-cı illərin əvvəllərində cəbhə müxbiri kimi işləmişəm. Müharibəni görmüşəm, yaxından şahidi olmuşam, bilirəm o, nə deməkdir... Amma bunun bir sonu olmalıdır axı. Və biz mənliyi, qüruru olmayan düşmənlə üzbəüzük”, - publisist vurğulayıb.
Dünyaminqızının sözlərinə görə, düşmən Azərbaycan Ordusu ilə təkbətək döyüşə bilmədi, kənardan kömək almaqla mübarizə aparır və heyfini mülki əhalidən çıxır: “Ermənilərin xisləti heç vaxt dəyişməyib, 20-ci əsrin əvvəllərində də bu faciələri törətdilər, onda da torpaq iddiasında idilər, canavar cildinə girmişdilər, indi də elədilər. Zaman və məkan onları tərbiyə edə bilməyib. Quyuya su tökməklə dolmaz, biz ermənilərə humanist davranmaqla, sülhpərvərlik göstərməklə onlara bu hissləri aşılaya bilmərik. Arxa cəbhədə hər kəs bir əsgər olmalıdır. Kimin nəyə gücü çatır – kimi qələmi ilə, kimi sözü ilə, kimi maddi olaraq cəbhə üçün çalışmalıdır. İstər qadın, istər istər kişi – hər kəs öz gücü müqabilində cəbhəyə dəstək olmalıdır”.