Qubad İbadoğlu görmə qabiliyyətini itirir

Xəbərlər

29.03.2024 - 15:44

Qalib Toğrul: “Ailəsi olaraq böyük təşviş içindəyik”

“Şəkərin davamlı yüksək olması qardaşımın orqanizmində kəskin fəsadlar verməyə başlayıb. Qardaşımın görmə qabiliyyəti sürətlə sıradan çıxır. Artıq televizorda böyük şriftlərlə yazılan titrləri belə 4-5 metrdən eynəksiz oxuya bilmir”. AYNA xəbər verir ki, bu sözləri həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşı, iqtisadçı-ekspert Qalib Toğrul deyib.

Onun sözlərinə görə, siyasətçinin gözünün zəifləməsi güman ki, diabetik retinopatiyanın əlamətləridir: “Qardaşımın şəkəri ilə bağlı əsaslı müayinə aparılmır və ona adekvat tibbi yardım göstərilmir”.

“Ailəsi olaraq böyük təşviş içindəyik. Çünki endokrinoloqlar və oftalmoloqlar yaxşı bilirlər ki, qanda şəkərin miqdarının davamlı şəkildə yüksək olması gözün sinir qatında degenerativ proseslərin getməsinə şərait yaradır: kapilyarları partladır, qansızmalar yaradır, damar keçiriciliyini azaldır, sarı ləkə bölgəsində maye yığılmasına və kapilyarların tıxanmasına səbəb olur. Torlu qişanın bu şəkildə sıradan çıxması geri dönüşü olmayan bir prosesdir. Gecikmə qardaşımın görmə qabiliyyətini tamamilə və həmişəlik itirməsinə səbəb ola bilər”, - deyə Q.Toğrul narahatlığını bildirib.

Qeyd edək ki, Q.İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Müəllif: Ayna.az