QHT sektorunda ciddi narazılıq: <font color=red> “İmkan verin, işimizi görək”</font>

Cəmiyyət

18.12.2020 - 23:21

Əliməmməd Nuriyev: “Biz risk qrupuna daxil olan insanlar deyilik, real dəyər yarada biləcək təşkilatlarıq”

 

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar, işlərini davam etdirməsi zəruri olan fəaliyyət sahələrinin sayı məhdudlaşdırılıb. Fəaliyyətinə icazə verilməyən sahələrdən biri də qeyri-hökumət təşkilatlarıdır (QHT). Belə ki, QHT-lərin fəaliyyət kodu icazə verilən fəaliyyətlər siyahısına daxil edilməyib.

 

Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, QHT-lərin fəaliyyətinə icazə verilməlidir: “Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının eyni kateqoriyaya daxil olmasına baxmayaraq, QHT-lər sərt karantin dövründə fəaliyyətlərini ofis şəraitində davam etdirə bilməyəcək. Halbuki, pandemiyaya qarşı mübarizə yalnız inzibati deyil, eyni zamanda digər metodlar ilə də sistemli və paralel şəkildə aparılmalıdır. Təbliğat və maarifləndirici işlərin və hətta ictimai nəzarətin səmərəliliyi birbaşa qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyətindən aslıdır”.

Vüqar Bayramov: Hər bir vətəndaşın təhlükəsizliyi və sosial təminatı  ölkəmizdə həyata keçirilən siyasətin əsas meyarıdır - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Deputatın fikrincə, digər tərəfdən bu sektorda çalışanların sayı da çox olmadığı üçün fəaliyyətə icazə epidomoloji vəziyyətə xüsusi təsir etməyəcək: “Bu baxımdan, Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilən sahələrin siyahısına yenidən baxması və pandemiyaya qarşı mübarizədə vacib institut olan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə icazə verməsi məqsədəuyğundur”.

 

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev də QHT-lərin fəaliyyətinə icazə verilməsindən yanadır. Onun AYNA-ya dediyinə görə, ümumiyyətlə Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra hallarda qərarların qəbul edilməsində situativ yanaşma tətbiq edir: “Bir qədər şərait gərginləşdi, ona uyğun olaraq müəyyən qərarlar qəbul etdi. Həmin qərarların çoxu da natamam qərarlardır. Bundan əvvəlki dövrlərdə Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilən təşkilatlar sırasında QHT-lərin kodu qeyd olunmamışdı. Halbuki, həmin QHT-lər bir çox layihələr həyata keçirirdi. Təsəvvür edin ki, indi bunlar nə formada bu layihəni həyata keçiriblər. Əgər fəaliyyət istiqamətinə imkan yoxdursa, bir çox çətinliklərlə üzləşməli olurdular. Və yaxuda ki, bəzi ərazilərin icazə ilə, bəzilərinin isə icazəsiz çıxması, bütövlükdə qeyri-bərabər şəraitin olduğunu göstərdi”.

 

Hüquqşunasın fikrincə, Operativ Qərargah vətəndaş cəmiyyətini mövcud hüquq sisteminin aktyoru kimi görə bilmir: “Halbuki, Operativ Qərargaha daxil olan dövlət qurumlarının rəhbərlərinin əksəriyyəti  Vətəndaş Cəmiyyəti ilə yaxından əməkdaşlıq edir. Düzdür, Nazirlər Kabinetinin vətəndaş cəmiyyəti ilə birbaşa əməkdaşlığı yoxdur. Amma hesab edirəm ki, Nazirlər Kabinetinə bu barədə ətraflı məlumat vermək və məruzə etmək mümkün idi. Eyni zamanda Nazirlər Kabinetində Hüquq şöbəsi və digər qurumlar fəaliyyət göstərir ki, vətəndaş cəmiyyəti ilə bağlı məsələlərə diqqət ayıra bilərdi”.

Əliməmməd Nuriyev:

“Yeri gəlmişkən, mən bundan əvvəl də, ilkin pandemiya dövründə Açıq Hökumət Platforması adından Operativ Qərargaha məktubla da müraciət etmişdim ki, müvafiq şərait yaradılsın. Yenə də ordan gələn məktublardan bəlli oldu ki, bunlarda aydın düşüncə və yanaşma yoxdur. Əlbəttə ki, bununla bağlı yenidən müraciət etmək istəyirəm. Bu dəfə Prezident Administrasiyasına müraciət edəcəm. Görünür, Nazirlər Kabinetində bu məsələylə, Vətəndaş Cəmiyyətinin fəaliyyəti ilə bağlı yetərli məlumatlar yoxdur”, - deyə o bildirib.

 

Nuriyevin sözlərinə görə, hazırkı şəraitdə yenə də QHT-lər bir çox layihələri həyata keçirməkdə davam edir: “QHT-lərin həm yerli, həm də beynəlxalq layihələri var. Və bu layihələrin bir çoxu infrastruktur xarakter daşıyan layihələrdir. Bu, istər-istəməz, ölkə üzrə sərbəst hərəkət etməyimizi zəruri edir. Nə üçün bununla bağlı qərar qəbul etmirlər? Niyə bizi qapalı vəziyyətə salmaq istəyirlər? Biz risk qrupuna daxil olan insanlar deyilik, real dəyər yarada biləcək təşkilatlarıq. Bu dəyərlər bəzən maddi dəyər kimi gözlə görünür, bəzi hallarda gözlə görünə bilməyən dəyərlərdir”.

 

Müsahibimizin qənaətincə, Operativ Qərargahın qərarlarına baxdıqda, belə təəssürat yaranır ki, Vətəndaş Cəmiyyəti abstrakt bir qurumdur: “Ümid edirəm ki, Nazirlər Kabineti müəyyən dəyişikliklər üzrə bizim kodumuzu da əlavə edəcək. Operativ Qərargahın fəaliyyətində Prezident Administrasiyasının müvafiq strukturlarının rəhbərləri, Prezidentin köməkçilərinin iştirakı yəqin ki, daha da genişləndiriləcək. Biz onlardan ümidliyik. Çünki Prezident Administrasiyanın müvafiq strukturlarının Vətəndaş Cəmiyyətinin fəaliyyəti və fəaliyyətinin güclənməsi istiqamətində daha ətraflı baxışları var. Və ümid edirəm ki, bu, imkan verəcək ki, icazə kodları sırasında QHT sektoru da daxil edilsin”.

 

“Əgər bütövlükdə Azərbaycanda hüquqi şəxslərə yanaşma varsa, bəzi hüquqi şəxslərin fəaliyyətinə icazə varsa, niyə hüquqi şəxslərin növlərindən biri olan QHT-lərə, qeyri-hüquqi kommersiya şəxslərə bu icazə tətbiq olunmasın? Bu zaman biz niyə başqa üsullar barədə düşünməliyik? Məsələn, MMC vasitəsilə bu icazəni almaq barədə. QHT-lər real olaraq müəyyən funksiyaları həyata keçirir. Başa düşürəm ki, orda bir çox hallarda əmək müqaviləsinin qeydiyyatda olması ilə bağlı məsələ var. Amma Vətəndaş Cəmiyyətinin bir sıra hallarda müqavilə əsasında birbaşa layihəsi yoxdur, qrant almayıb, lakin daimi fəaliyyət göstərir, hansısa bir ictimai maraqları müdafiə edir, daimi maariflçilik işi aparır, eyni zamanda digər funksiyaları yerinə yetirir”.

 

Ə.Nuriyev Vətəndaş Cəmiyyətinin fəaliyyətini arının fəaliyyətinə bənzədir: “Daimi hərəkətdə, fəaliyyətdə olmalıdır ki, faəliyyətini təqdim edə bilsin. Bu qərarla bizi çərçivəyə də salmayıblar, deyiblər ki, gedin, evdə outrun! Biz hərəkət etmək istəyirik. Bizim buna imkanımız, savadımız, qabiliyyətimiz var. Biz xüsusi risk qrupuna aid olan sektorun şəxslərindən deyilik. Elə məhz Vətəndaş Cəmiyyəti pandemiya zamanı qaydalara əməl edilməsi ilə bağlı işləri təşviq edir. Pandemiyanın özü ilə bağlı məumatları vətəndaşlara, cəmiyyətə çatdırmaq lazımdır. Bu dönəmlərdə məhz biz tərəfindən insanlara dəstək verilməlidir”.

 

“Aztəminatlı ailələrə dəstəklə bağlı müəyyən xeyriyyə fəaliyyətləri həyata keçiririk. Bu işdə Vətəndaş Cəmiyyətinin könüllüləri də iştirak edirlər. Bizim Milena Nəbiyeva adlı nümayəndəmiz var, o, pandemiya dönəmində də, İkinci Qarabağ savaşı zamanı da insanlarımıza dəstək olurdu. Həmin xanım bizim könüllülərdəndir. Müəyyən çətinliklər də olsa, onun icazə məsələsi həll olunmuşdu. Nə qədər onun kimi insanlar var. Vətəndaş Cəmiyyəti bütövlükdə öz fəaliyyətini bu istiqamətə yönəltmişdi. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə layihələr həyata keçirdi - söhbət 214 layihədən gedir. Neçə-neçə inanlara dəstək oldu. Məsələn, indi Qubaya getməliyik, amma yollar bağlıdır. Ora hər hansı bir hərəkət etməyə imkan yoxdur. Heç olmasa, gedib məlumat almaq lazımdır. Əlbəttə ki, bütün qaydalara uyğun olaraq, maska, əlcək, spirtdən istifadə etməklə işləri görmək olar. Amma siz birinə icazə verib, birinə icazə verməməklə nə demək istəyirsiniz? Bu, nə məsələdir? Bunu hələ də bilmirəm”, - Fond rəhbəri vurğulayıb.

 

Hüquqşunas koronavirusun yayılması ilə bağlı bir təhlükəni nəzərə alır, amma: “Bir baxsınlar ki, insanlar ictimai nəqliyyatda hansı formada hərəkət edirlər. Amma Vətəndaş Cəmiyyəti heç o tünlüyə girmədən fəaliyyətini həyata keçirə bilir. Çünki onlar qaydaları daha yaxşı bilirlər. O, həm də qaydalar təbliğ və təşviq edir. Bu baxımdan hesab edirəm ki, bu sektora belə bir münasibət yalnışdır. Və burada dəyişikliyin edilməsi vacib məsələdir. Bununla bağlı bir çox QHT-lər mənə müraciət edir və suallar ünvanlayırr ki, niyə belə edirlər, biz niyə hərəkət edə bilmirik? Mən onlara cavab verməkdə çətinlik çəkirəm. Çünki bununla bağlı cavab yoxdur. Bununla bağlı bizim üçün məhdudiyyətlər müəyyənləşdirilib. Bu məhdudiyyətlərin heç bir hüquqi əsası yoxdur. Bu, düzgün yanaşmanın tətbiqi deyil. Ona görə də burada dəyişikliklərin edilməsi vacibdir və mən ümid edirəm ki, Prezident Administrasiyası bu məsələlərlə bağlı öz tapşırıqlarını verəcək”.

 

Məsələ ilə bağlı Nazirlər Kabinetinin (NK) rəyini də almağa çalışdıq. NK-nın mətbuat xidmətindən bildirildi ki, verilən qərarların hüdudlarından kənar olan məsələyə dair fikir bildirə bilməzlər.

Müəllif: Ülviyyə Şahin