“Qərb Ukraynanı Rusiyaya təhvil verməyib” – YEVGEN MAQDA

Dünya

13.02.2022 - 10:17

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynalı analitik: “Makron Minsk razılaşmalarının yerinə yetirilməsini Zelenskiyə “sırıya” bilmədi”

Bu günlərdə Fransa Prezidentinin Moskvaya, oradan da Kiyevə səfəri baş tutub. Bu səfərlərin nəticələri o qədər qeyri-müəyyəndir ki, Makronun bu səfərlərdən nə istədiyini ayırd etmək olduqca çətindir. Ancaq Fransa Prezidenti həm Moskvada, həm də Kiyevdə təhlükəsizlikdən, Minsk razılaşmalarından danışıb ki, Ukrayna onlara əməl etməlidir. Ancaq eyni zamanda Kiyevdə o, Fransanın Ukraynaya 1,2 milyard avro ayıracağını da bildirib.

Baş verənləri AYNA-ya tanınmış ukraynalı politoloq Yevgen Maqda şərh edib.

- Bu günlərdə Makron Putin və Zelenski ilə dialoq aparıb. Bu görüşlərin nəticələrini necə qiymətləndirirsiniz? Tərəflər nəyə nail oldular?

- Mənə aydındır ki, Fransa Prezidenti Rusiya ilə Ukrayna arasındakı münaqişədə vasitəçilik etməyə çalışır. Təbii ki, öz maraqlarından çıxış edərək, apreldə Fransada prezident seçkiləri olacağına görə, o, öz postunu saxlamağa çalışacaq. Fransa isteblişmentinin Rusiyaya qarşı tarixi hisslərini nəzərə almağa və digər NATO ölkələrinin dəstəyi olmadan Fransanın effektiv vasitəçi ola bilməyəcəyini başa düşməyə dəyər. Makron Moskva və Kiyevdə istədiyinə nail oldumu? Şəxsən mən əmin deyiləm ki, o, Minsk razılaşmalarının yerinə yetirilməsini rusca təfsirdə Ukraynaya “sırıya” bilsin.

- Güman etmək olarmı ki, Rusiya müəyyən qədər öz məqsədlərinə nail olub və Avropanı nüvə müharibəsi ilə qorxuda bilib?

- Bilirsiniz, bu, çoxmənzilli bina sakininin mənzilinə bir neçə balon benzin gətirməsi və heç nədən qorxmadığını nümayiş etdirərək, mənzilin yaxınlığında siqaret çəkməsi vəziyyətini xatırladır. Ola bilsin ki, adi avropalını Rusiyanın aqressiv manevrləri qorxuya salıb, lakin Ukrayna güzəştə getmək niyyətində deyil, sadəcə olaraq, hansısa güzəşt Ukrayna cəmiyyəti tərəfindən qəbul edilməyəcək. Rusiya ilə müharibə artıq səkkizinci ildir ki, davam edir və milyonlarla Ukrayna vətəndaşı öz ölkəsini təcavüzdən müdafiə etməyə hazırdır.

- Bu səfərlərdən sonra münaqişənin deeskalasiyasını gözləmək olarmı? Eyni zamanda, Ukrayna Minsk razılaşmalarına əməl edəcəyini bəyan etdimi?

- Xeyr, mən münaqişənin deeskalasiyasını gözləmirəm, çünki Rusiya üçün Ukraynanı yıxmaq, Ukrayna iqtisadiyyatına zərər vurmaq və özünün hücuma hazır olduğunu nümayiş etdirmək obyektiv baxımdan faydalıdır. Minsk razılaşmalarına gəlincə, unutmaq olmaz ki, Putinin, Lavrovun və digərlərinin bəyanatlarına baxmayaraq, Rusiya da bu razılaşmalarda tərəfdir. Onların icrası qaydası ilə bağlı uzun müddət mübahisə etmək olar, amma birinci bənd - atəşkəs, qoşunların demarkasiya xəttindən çıxarılması, əsirlərin dəyişdirilməsi - bu günə qədər, 7 ilə yaxındır ki, yerinə yetirilmir. Və Rusiyanın bu məsələdə məsuliyyətdən yayına biləcəyini düşünmürəm.

- Bir sıra ekspertlər hesab edirlər ki, Avropa Ukraynanı Rusiyaya təhvil verib, Britaniya və ABŞ isə axıra qədər Kiyevin arxasındadır. Reallıqda vəziyyət necədir?

- Reallıqda Ukrayna ilk növbədə özünə güvənir. Baxmayaraq ki, Ukraynanın son bir ayda Qərb ölkələrindən müstəqilliyinin 30 ilində olduğundan daha çox ciddi silah aldığını inkar etməyəcəyəm. Deməzdim ki, Avropa Ukraynanı təhvil verib, çünki diplomatik addımlar da vacib olduğundan, biz təkcə ABŞ və Böyük Britaniyanın deyil, Polşanın, Çexiyanın, Baltikyanı ölkələrin dəstəyini hiss edirik. Amma Almaniya və Fransanın Rusiya ilə ortaq dil tapmaq və Ukraynaya silah göndərməklə onu qıcıqlandırmamamq istəyi də nəzərə çarpır. Nəzərinizə çatdırım ki, Ukrayna hücum deyil, müdafiə silahları alır.

Müəllif: Nicat Hacıyev