Müttəfiqlər İsrail-Livan sərhədində dərhal 21 günlük atəşkəs əldə etməyə çağırıblar
ABŞ, Fransa və digər müttəfiqlər İsrail-Livan sərhədində dərhal 21 günlük atəşkəs əldə etməyə çağırıblar. AYNA xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
“Biz diplomatiyaya yer açmaq üçün Livan-İsrail sərhədində dərhal 21 günlük atəşkəsə çağırırıq. Biz bütün tərəfləri, o cümlədən İsrail və Livan hökumətlərini müvəqqəti atəşkəs rejimini dərhal təsdiq etməyə çağırırıq”, - deyə nəşrin mənbəsi qeyd edib.
“Reuters” amerikalı rəsmiyə istinadən xəbər verir ki, ABŞ və müttəfiqlərinin təklif etdiyi atəşkəs regionda, o cümlədən Qəzza zolağında daimi sülhün bərqərar olması üçün istifadə edilə bilər.
“The New York Times” adı çəkilməyən Amerika rəsmilərinə istinadən yazır ki, İsrail və Livan danışıqlar təşəbbüsünü dəstəkləyib və yaxın 48 saat ərzində Qərb müttəfiqlərinin təklifi ilə razılaşa bilərlər.
“Politico”nun məlumatına görə isə Ağ Ev administrasiyası Fransa və ərəb ölkələri ilə razılaşma üzərində işləyirmiş. Sənəd BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı müzakirə olunub. Ağ Ev bildirib ki, saziş Almaniya, Avstraliya, Kanada, Səudiyyə Ərəbistanı, Qətər və digər dövlətlər tərəfindən dəstəklənib.
ABŞ və müttəfiqləri tərəfindən təklif olunan atəşkəsin 2000-ci ildə BMT tərəfindən qurulan İsrail-Livan sərhədi olan “Mavi xətt” adlanan ərazini əhatə edəcəyi bildirilir.
Sentyabrın 23-də İsrail hakimiyyəti Livanda radikal Hizbullah hərəkatını məhv etmək və İsrailin şimalından təxliyə edilmiş 60 min sakinin evlərinə qayıtmasına imkan yaratmaq üçün hərbi əməliyyata başladığını elan edib. Sentyabrın 24-nə olan məlumata görə, İsrailin hücumları səbəbindən Livanda yarım milyondan çox insan evlərini tərk edib. Livanın Səhiyyə Nazirliyi də 569 nəfərin öldüyünü, daha 1,8 min nəfərin yaralandığını bildirib.