Qaregindən təxribat və ya erməni “qanunları” ilə Ukrayna “monastırı”na girmək cəhdi

Siyasət

11.11.2023 - 10:32

Bütün ermənilərin Ali Patriarxı və Katolikosu nə qədər gülünc və vulqar olduqlarını bir daha nümayiş etdirdi

Öz qayda-qanunları ilə başqasının monastırına girməyə çalışanların nə qədər gülünc və vulqar olduğunu bir daha bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qaregin nümayiş etdirdi. Söhbət nədən gedir? Ukrayna Ali Radası oktyabrın 19-da Rus Pravoslav Kilsəsi ilə əlaqəli “Ukraynanın bəzi qanunlarına Ukraynada dini qurumların fəaliyyəti ilə bağlı dəyişikliklər edilməsi haqqında” 8371 saylı qanun layihəsini birinci oxunuşda qəbul edib. Müvafiq qərarın lehinə 267 deputat səs verib.

Qanun layihəsi Ukrayna hökuməti tərəfindən hazırlanıb və hələ 2023-cü ilin yanvarında parlamentə təqdim edilib. O, Ukraynada rəhbərliyi ölkəyə silahlı təcavüz edən dövlətdə yerləşən kilsələrin fəaliyyətinə qadağa qoyulmasını nəzərdə tutur. İzahedici qeyddə bildirilir ki, qanun layihəsi “mənəvi müstəqilliyi təmin etmək, cəmiyyətdə dini zəmində parçalanmanın qarşısını almaq”, habelə “Ukrayna cəmiyyətinin konsolidasiyasını təşviq etmək və milli maraqları qorumaq” üçün lazımdır.

Əslində, söhbət Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin (MP UPK) fəaliyyətinə qadağa qoyulmasından gedir. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra UPK Rus Pravoslav Kilsəsindən müstəqilliyini elan etsə də, Kiyevdə onların Moskva ilə əlaqələrini pozmadığına inanırlar. Bundan əlavə, son vaxtlar bir sıra UPK keşişlərinə qarşı Rusiyanın hərəkətlərinə dəstək vermələri ilə bağlı cinayət işi başlanıb.

Ukraynanın “Zerkalo Nedeli” nəşrinin sifarişi ilə Razumkov Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, ukraynalıların 40 faizindən çoxu MP UPK-nin “rus dünyası”nı təbliğ etdiyinə, Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəsinə və dəstəyinə görə, həmçinin, səkkiz ildir ki, 2014-cü ildən bəri, Ukraynada guya “vətəndaş müharibəsi” haqqında Rusiyanın narrativlərini dilə gətirdiyinə görə bağışlaya bilmir. Ukraynada yaşayan bir şəxs kimi mən tam məsuliyyətlə bəyan edə bilərəm ki, MP UPK-nə qarşı ittihamlar ədalətlidir. Əslində bu, Rusiyanın Ukraynaya gətirdiyi bütün bəlalardan sonra varlığı  belə gülünc olan Ukraynadakı Rus Pravoslav Kilsəsinin filialıdır. Və Rus Pravoslav Kilsəsi Ukraynadakı müharibə üçün rus işğalçılarına dəfələrlə və açıq şəkildə xeyir-dua verdikdən sonra mənzərə tam aydın olur.

Hər halda, Ukraynada ondan heç kimin istəmədiyi məsləhət vermək, şübhəsiz ki, bütün ermənilərin katolikosu II Qaregin üçün deyil. Buna baxmayaraq, o fərqlənmək istədi. Bütün Ermənilərin Katolikosu iddia edir ki, “Ukrayna Pravoslav Kilsəsini qadağan edən qanun Ukraynada qəbul edilərsə, Pravoslav Kilsəsində mənəvi həyatın birliyini və harmoniyasını pozacaq”. Və bu da hamısı deyil.

II Qareginə elə gəlir ki, “Dini qurumların fəaliyyəti haqqında qanun layihəsi öz müddəaları ilə dindarlar arasında yeni arzuolunmaz hisslər yaradacaq”. Bütün ermənilərin katolikosu Ukrayna dindarlarından narahatdır! Və bu narahatlığını Erməni Apostol Kilsəsinin Yerli Pravoslav Kilsələrinə deyil, Qədim Şərq Kilsələrinə aid olmasına və müvafiq olaraq, onun yalnız Pravoslav Kilsəsinin Tomos məsələsi ilə dolayı əlaqəsi olmasına baxmayaraq dilə gətirir. 

Ermənilər monofizitlərdir. Monofizitizm xristoloji təlimdir, onun mahiyyəti ondan ibarətdir ki, pravoslav kilsəsinin öyrətdiyi kimi Rəbb İsa Məsihdə iki yox, yalnız bir varlıq var. Tarixən bu, nestorianlığın bidətliyinə ifrat reaksiya kimi meydana çıxıb və təkcə doqmatik deyil, həm də siyasi səbəblərə malik olub. Bəzən belə bir fikir səsləndirilir ki, ermənilər bidətçidirlər və onların  Pravoslav Kilsəsi ilə birləşməsi yalnız öz səhvlərini pisləyib məzhəbinə qayıtmaq şərtilə mümkündür.

Bunun fonunda II Qareginin çıxışları daha gülməli, yersiz və küfr dolu səslənir. Mahiyyət etibarı ilə o, ukraynalıları, üstəlik, Rus Pravoslav Kilsəsi tərəfindən alqışlanan addımların tərəfdarı olan bidətçinin səsinə qulaq asmağa çağırır, hansıların ki, keşişləri bəzən Rusiyanın günahı ucbatından həlak olan Ukrayna əsgərlərinin anım mərasimi keçirilən zaman ayağa qalxmaqdan belə imtina edirdilər. Və bu, Ermənistanda II Qareginin nüfuzunun getdikcə azalmasına baxmayaraq baş verir. Axı o, dəfələrlə təxribat xarakterli çıxışlar edib, indiki Ermənistan hakimiyyətini Azərbaycanla mübarizəni davam etdirmək istəməməkdə ittiham edib. Bəli, Erməni Apostol Kilsəsi tarixən ermənilərin qonşu dövlətlərə ərazi iddialarına dəstək verib, separatçıları, terrorçuları ruhlandırıb. Bütün bunları xatırlayaraq, II Qareginin öz qayda-qanunlarını başqasının monastırına soxmağa çalışdığı həyasızlığından təccüblənməyə bilmirsən.

Müəllif: Əkbər Həsənov