Gürcüstanda baş verənlərə hadisə yerindən baxış

Siyasət

19.11.2019 - 19:49

Bizim müxalifət dünyada insanlar bir yerə yığışıb nəyəsə etiraz edən kimi, dərhal həvəsə gəlir

 

Gürcüstanda normal siyasi proseslər gedir, bunun adı nə inqilabdır, nə çevriliş, nə də xaos. Hakim "Gürcü Arzusu" partiyası əvvəl söz vermişdi ki, ölkə tam proporsional seçki sisteminə keçəcək, özü də partiyalar üçün keçid barajı olmadan seçkilər təşkil ediləcək. Bununla bağlı qanun layihəsi parlamentə gələnə qədər hakim partiya fikrindən vaz keçdi - apardığı rəy sorğuları və xarici oyunçuların təsiri məsələsi bu qərarda əsas rol oynadı.

 

Başqa səbəblər də var, o haqda aşağıda yazacam. Yeni seçki sisteminə keçidlə bağlı qanun qəbul edilmədi deyə müxalifət, hətta hakim partiyaya yaxın təşkilatlar da insanları etiraza səslədi və bir neçə gündür ki, Tiflisdə dinc aksiyalar davam edir. Çox güman, ortaq məxrəc tapılacaq, çünki Gürcüstan artıq demokratik ölkədir, seçkilərdə səs oğurluğu yoxdur.

 

Hakim partiya nədən fikrini dəyişdi:

 

1) “Gürcü Arzusu” vahid partiya deyil, daha çox koalisiyadır, barajsız proporsional sistem olsa, bəzi partiyalar təkbaşına seçkiyə gedib özü mandat qazanmağa çalışacaq ki, sonda hakim partiya ilə daha yüksək statusda koalisiya qurub nazir portfelləri qazansınlar;

 

2) Barajsız seçki xarici, əsasən də Rusiyanın müdaxilə imkanlarını artırır - rusiyapərəst bir neçə partiya bir neçə mandat qazanmaqla parlamentdə güclü oyunçulara, hətta bloklayıcı azlığa çevrilə bilər;

 

3) Barajsız seçki "etnik, hətta sub-etnik partitaların" yaranmasına səbəb ola bilər. Bu isə Gürcüstan üçün daxili təhlükələri artırır. Siyasəti təhlükəli etnik zəminə otuzdura bilər və bundan da ən çox erməni əsilli Gürcüstan vətəndaşları yararlanacaqlar - onların daha mütəşəkkil və siyasi olmaları həmin "etnik partiyanı" həlledici mövqeyə gətirə bilər.

Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert