Qardaşını erməniyə satan “qardaş” haqqında... HEÇ NƏ!

Aktual

03.11.2022 - 10:15

Təhlükəsizlik eksperti: “İran Azərbaycanda üç istiqamətdə kəşfiyyat şəbəkəsini formalaşdıra bilib”

Deputat: “Vahid Azərbaycan ideyası ətrafında birləşmək üçün münbit və real şərait yetişib”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə son müsahibəsi zamanı İranın ünvanına kəskin fikirlər səsləndirib. “Qardaşım (İran – red.) məni erməniyə satdı” deyən Şeyxülislam bildirib ki, onun İrandan bütün ümidləri qırılıb: “Baxmayaraq ki, İran İslam Respublikası deyilir, amma onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Mən televizorda gördüm ki, hərbçilər hətta təyyarəyə oturanda bir din xadimi gəlib “Qurani-Kərim”lə xeyir-dua verir. Bu, nəyə xeyir-dua verir? Hara göndərir? Azərbaycana? Müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim”.

“Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Bunu ermənilər etmədilərmi? Niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik. Torpaqlarımız işğal olundu, məscidlərimiz yandırıldı. Amma mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Amma bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı. Milyonlarla şiənin burada ümidi qırıldı”, - deyə Şeyx vurğulayıb.

Qeyd edək ki, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa edib. Bununla bağlı Xidmətdən verilən açıqlamada bildirilir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik edənlərə qarşı analoji cinayət əməllərinə görə, 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və bir qrup şəxs beynəlxalq axtarışa verilib. Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıb və orada təlimlərdə iştiraka cəlb ediliblər.

Göründüyü kimi, İranın Azərbaycana qarşı təzyiqləri davam edir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra fars rejimi Ermənistana dəstəyini artırır, hər vəchlə ölkəmizi təzyiq altında saxlamağa çalışır. İranda başlayan kütləvi etirazlar, soydaşlarımızın da bu aksiyalarda fəal şəkildə iştirakı diqqətdən yayınmır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzuya dair AYNA-ya şərhində deyib ki, İran kəşfiyyat orqanlarının Azərbaycanda mövcudluğu məlum həqiqətdir: “Özü də bu, bir neçə istiqamətdə həyata keçirilir. Fars rejiminin agentura şəbəkəsi bir neçə yöndə fəaliyyət göstərir. Siyasi, ideoloji və siyasi-hərbi istiqamətlərdə illərdir Azərbaycanda kəşfiyyat şəbəkəsi saxlayırlar. Onların ölkəmizdə bərqərar olması isə müstəqllik dövrümüzün ilk illərinə təsadüf edir. Həmin zaman Azərbaycanda mövcud olan problemlər, separatçılıq meylləri, qeyri-sabit ictimai-siyasi şərait, hakimiyyət uğrunda mübarizə İrana münbit şərait yaratdı ki, onlar təşkilatlana və öz agentura şəbəkəsini formalaşdıra bilsinlər”.

“Müxtəlif dövrlərdə İslam Partiyasının, Qumda təhsil alan gənclərin, yüksək rütbəli zabitlərin və digərlərinin timsalında onların Azərbaycanın daxilində ölkəmiz əleyhinə fəaliyyətini müşahidə etmişik. Etiraf etmək lazımdır ki, Azərbaycanın kəşfiyyat orqanları onlara qarşı mübarizəni peşəkar və keyfiyyətli şəkildə təşkil edirlər”, - deyə həmsöhbətimiz bildirib.

İsmayılın sözlərinə görə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra İranla münasibətlər daha da pisləşib: “Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var. Məlumdur ki, müxtəlif dövlətlər, o cümlədən də İran Qarabağ münaqişəsindən, Ermənistan amilindən hər zaman Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlanıb. Xüsusən torpaqlarımızın işğal altında olduğu dövrdə bu təzyiq aləti onların işinə yarayıb. Lakin 44 günlük Vətən müharibəsinin nəticələri regionda yeni reallıqlar yaradıb və Tehran bununla barışmaq niyyətində deyil. İranın Ermənistanla dost, Azərbaycanla düşmən münasibətində olduğu faktı ortadadır. Bu, həmişə belə olub və son dövrlər isə münasibətlər daha da gərginləşib. İran beynəlxalq təzyiqlər qarşısındadır və onun mövcud şəraitdə Azərbaycana qarşı hər hansı real təzyiq imkanı yoxdur”.

Mili Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Azərbaycan İlahiyyat İnstitutunun keçmiş rektoru Ceyhun Məmmədov da AYNA-ya açıqlamasında İranın Azərbaycana qarşı qısqanc münasibət sərgilədiyini qeyd edib: “Bu gün Azərbaycanda İran təfəkkürlü insanlar mövcuddur və bir dövlət olaraq dini təhlükəsizliyi təmin etməliyik. Artıq elə bir dövrə qədəm qoymuşuq ki, İran Azərbaycana qarşı açıq şəkildə düşmənçilik mövqeyi nümayiş etdirir. Bu, əvvəllər də belə idi, son vaxtlar isə daha da artırıblar”.

Müsahibimizin fikrincə, “Vahid Azərbaycan” ideyası ətrafında birləşmək üçün münbit və real şərait yetişib: “Bunun üçün cəmiyyətdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Dövlətimizin bununla bağlı siyasi iradəsi ortadadır. İranın müxtəlif səviyyəli rəsmi şəxsləri Azərbaycanın əleyhinə vaxtaşırı bəyanatlar səsləndirir, Ermənistanla münasibətləri inkişaf etdirir, Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmağa çalışırlar”.

“İran bu istiqamətdə aktiv fəaliyyətə keçib və Azərbaycana qarşı güc nümayiş etdirməyə çalışır. Bütün hallarda İranın uzun illər ölkəmizdə formalaşdırdığı casus şəbəkəsi tam şəkildə neytrallaşdırılmalıdır. Müvafiq qurumların bununla bağlı atdığı addımlar və fəaliyyəti təqdir olunmalıdır”, - deyə deputat vurğulayıb.

Məmmədov hesab edir ki, dini fəaliyyətdən İrana xidmət vasitəsi kimi istifadə edənlərlə bağlı da ciddi ölçü götürülməlidir: “Söhbət kifayət qədər ciddi problemdən gedir. Etiraf edək ki, İran Azərbaycanda geniş agentura şəbəkəsi formalaşdıra bilib və əsas məqsədləri hansı yollarla olursa olsun, ölkəmizi zəiflətməkdir. Çox təəssüf ki, daxildə də bəziləri dini fəaliyyət adı altında açıq şəkildə onlara xidmət edirlər. Bu səbəbdən ibadət yerlərində, məscidlərdə din adı altında başqa dövlətlərin maraqlarına xidmət edənlər xüsusi nəzarətə götürülməlidir”.

Müəllif: Azər Niftiyev